Fransada ekstremizmə qarşı görülən tədbirlər çərçivəsində bir sıra məscidlərin bağlanması haqda məlumat yayılıb.
Novator.az saytı “Əl-Cəzirə” kanalına istinadla xəbər verir ki, Fransa hökuməti ölkədə ekstremizmlə mübarizə aparmaq üçün separatizm şübhəsiylə 76 məscidi hədəfə alıb.
Daxili işlər naziri Jerald Darmanen RTL radiosuna müsahibəsində bir sıra ibadət yerlərində yoxlamaların aparılacağını bəyan edib: “Ekstremizmlə bağlı şübhələrimiz təsdiqlənərsə, onların bağlanmasını tələb edəcəyik”.
Nazir radikalizm şübhəsi ilə 66 qeyri-leqal miqrantın da ölkədən deportasiya olunduğunu vurğulayıb.
“Əl-Cəzirə”nin məlumatına görə, Fransa höküməti son zamanlar ölkədə baş verən ölümcül hücumlarla bağlı daxili işlər nazirinin “içimizdəki düşmən” açıqlamasına əsaslanaraq tədbirlər görməyə başlayıb.
Jerald Darmanen çıxışında ölkədə fəaliyyət göstərən 2600 ibadət yerindən 76-nın Fransa dəyərlərinə zidd və təhlükə olduğunu vurğulayıb: “Bəzi bölgələrdəki ibadət yerlərində imamlar açıq şəkildə dövlət əleyhinə fəaliyyət göstərirlər. Kəşfiyyat idarəsi onları izləyir və belə ibadətgahların fəaliyyətinin dəyərlərimizə zidd olduğu görünür”.
Fransada məscidlərdə aparılan yoxlamalar orta məktəb müəllimi Semuel Patinin qətlə yetirilməsi və Nitsadakı kilsədə üç nəfərin bıçaqlanaraq öldürülməsi fonunda baş verir.
Semuel Pati bu il oktyabrın 20-də Fransa paytaxtı yaxınlığındakı Konflan-Sent-Onorin şəhərində öldürülüb.
Semuel Pati söz azadlığından dərs dediyi vaxt orta məktəb şagirdlərinə Məhəmməd peyğəmbərin 2008-ci ilin iyulunda “Charlie Hebdo” jurnalında dərc olunan karikaturasını nümayiş etdiribmiş. Həmin karikatura “Charlie Hebdo” jurnalında çap edildiyi dövrdə müsəlmanların çox böyük etirazlarına səbəb olmuş, hətta bu etirazlar qətllərə, terror hadisələrinə gətirib çıxarmışdı.
Fransada yaşayan rusiyalı mühacir, çeçen əsilli müsəlman, 18 yaşlı Abdullah Anzorov 47 yaşlı müəllimi Semuel Patini peyğəmbərin karikaturasını nümayiş etdirdiyinə görə cəzalandırmaq qərarına gəlib və oktyabrın 16-da məktəbin yaxınlığında müəllimin başını kəsib. Daha sonra Anzorov polisin odlu silahdan açdığı atəşdən ölüb.
Oktyabrın sonlarında isə Tunisdən olan 21 yaşlı mühacir Fransada Nitsa kilsəsində üç nəfəri öldürüb. O, “Allahu əkbər” qışqıra-qışqıra kilsədə bir qadının başını kəsib, daha iki nəfəri bıçaqla qətlə yetirib.
“Əl-Cəzirə”nin məlumatına görə, Jerald Darmanenin açıqlamasında konkret hansı ibadət yerlərinin yoxlanacağı bildirilməyib.
“Associated Press” agentliyinin əldə etdyi bilgiyə əsasən, daxili işlər naziri regional təhlükəsizlik rəhbərlərinə göndərdiyi qeyddə paytaxt Parisin ətarfında 16 və ölkənin digər bölgələrində 60 ünvanı göstərib.
Nazir Fransadakı 2600 müsəlman ibadətgahından yalnız bir hissəsinin ekstremizmdə şübhəli bilindiyini söyləməklə ölkənin geniş radikallaşmadan uzaq olduğunu deyib: “Fransada demək olar bütün müsəlmanlar respublikanın qanunlarına hörmət edir və radikallaşmadan əziyyət çəkirlər”.
“Əl-Cəzirə” kanalı Fransa prezidenti Emmanuel Makronun oktyabr ayında açıqladığı plana da diqqət çəkib. Fransa prezidenti “islam separatizminin” qarşısını almaq üçün hazırladığı planda islamı böhran içərisində olan bir din kimi xarakterizə edib. Onun bu şərhi dünyada və Fransada yaşayan müsəlmanların qəzəbinə səbəb olub.
Fransa Avropada müsəlmanların ən çox yaşadığı ölkədir. Ona görə də ölkədə son aylarda baş verən bir sıra hadisələr bəzilərində hücumların kütləviləşəcəyi qorxusu yaradır.
Fransa hökuməti Semuel Patinin qətlindən sonra nifrət aşılamaqda şübhəli bilinən insanlara qarşı tədbirlər çərçivəsində regionlardakı bəzi məscidlərin müvəqqəti bağlanmasına qərar verib.
Mənbə: Aljazeera.com