Dekabrın 10-u Bakıda prezidentlərin iştirakı ilə Azərbaycan-Türkiyə sənədləri imzalanandan sonra jurnalistlərə açıqlama verən İlham Əliyev deyib ki, Azərbaycan və Türkiyə bölgədə yeni bir işbirliyi platforması yaratmaq istəyir: “Bu, çoxtərəfli platforma ola, bütün bölgə ölkələri bundan faydalana bilər. Ənənəvi Türkiyə-Azərbaycan-Gürcüstan işbirliyi var. Eyni zamanda Azərbaycan-Rusiya-İran işbirliyi var. Türkiyə-Rusiya-İran işbirliyi var. Yəni bütün bu işbirliyi platformalarını biz ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa və öz əsassız iddialarından əl çəkərsə və gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Biz buna açığıq və müharibədən sonra Azərbaycanın mövqeyi və verilən bəyanatlar bunu deməyə əsas verir. Biz bu səhifəni bağlamalıyıq, biz bu ədavətə son qoymalıyıq”.
Rəcəb Teyyub Ərdoğan da altılı bir platforma yaradıla biləcəyini vurğulayıb: “Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və əgər qəbul edib əməl edərsə, Ermənistan da bu platformada yer ala bilər. Beləliklə, altılı platforma ilə regional sülhün formalaşdırılması nəzərdə tutulur. Təbii ki, bu regional sülhün bu bölgədəki ölkələrə gətirdiyi vəzifələr var. Bu vəzifələrə infrastruktur, siyasi, diplomatik bir çox məsələlər daxildir. Bu məsələdə müsbət addımlar atıldığı təqdirdə biz də bağlı olan qapılarımızı açarıq. Amma yetər ki, bu müsbət addımlar atılsın. Bizim də qapılarımızı Ermənistanın üzünə bağlamaq kimi bir dərdimiz yoxdur. Çünki biz sülhün göyərçinləri olmaq istəyirik, sülh addımları atmaq istəyirik. Üstəlik, bizim Ermənistan xalqına bir kinimiz yoxdur. Problem Ermənistanın hakimiyyəti ilədir. Mənim ölkəmdə yüz mindən çox erməni var. Bunların arasında vətəndaşlıq hüququnu əldə edəni də var, əldə etməyəni də var. Amma biz onları da ölkəmizdə qonaq qəbul edirik. Niyə? Çünki bizim insanlara qarşı heç bir kinimiz yoxdur. Məqsəd xüsusilə bu sülhü formalaşdırmaq, möhkəmləndirməkdir. Addımlarımızı da buna görə atmalıyıq”.
Dövlət başçılarının iştirakı ilə Bakı Nəqliyyat Agentliyi ilə “BMC Otomativ Sənaye və Ticarət” şirkəti arasında anlaşma protokolu; Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə “BMC.AZ” şirkəti arasında anlaşma protokolu; Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Türkiyə Respublikasının Prezidenti yanında İnvestisiya Ofisi arasında anlaşma memorandumu; Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb, həmçinin Azərbaycan və Türkiyə hökumətləri arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 25 fevral 2020-ci il sazişinə dəyişikliklər protokolu rəsmiləşib.