İqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Azərbaycandan pomidor və alma idxalını qadağan etməsinə dair yeni şərh yayıb.
“Rosselxoznadzor” dekabrın 10-da qüvvəyə minən qərarını idxal olunan məhsullarda güvə və almaqurdu aşkarlanması ilə əsaslandırıb.
Dekabrın 9-da özünün “Facebook” səhifəsində şərh yayan Qubad İbadoğlu qeyd edib ki, idxala qadağa qərarının dekabrın 10-u Bakının Azadlıq meydanında keçiriləcək hərbi paradla əlaqəsi var: “Azərbaycan Ordusunun Ermənistanla müharibədə qənimət kimi ələ keçirdiyi hərbi texnikalar yalnız Rusiyanın istehsalıdır və onların paradda nümayişi Rusiya hərbi sənaye kompleksini nüfuzdan salır”.
Novator.az-ın məlumatına görə, dekabrın 10-da Qubad İbadoğlu bir daha bu məsələyə toxunaraq yazır: “Rusiyanın Azərbaycana qarşı başladığı pomidor müharibəsinə dair şərhimin BBC və “Frans Press” agentliyi kimi nüfuzlu media orqanlarında da yayımlanması məsələnin beynəlxalq rezonans doğurduğunu göstərdi. 2015-ci ildə Rusiya təyyarəsini vuranda Türkiyəyə qarşı tətbiq edilmiş embarqo indi başqa formada Azərbaycanın əleyhinə yönəlib. Bəziləri “Rosselxoznadzor”un Ermənistan və Özbəkistanla bağlı analoji qərarlarını əsas göstərib məsələni siyasiləşdirməyin əleyhinə çıxır. Ancaq beynəlxalq ticarətin qlobal siyasətin əsas alətlərindən birinə çevrildiyini nəzərə alsaq, pomidor və alma idxalına son qadağada siyasətin başlıca rol oynadığına əminəm.
Neft gəlirlərinin azaldığı indiki dövrdə pomidor Azərbaycan üçün çox əhəmiyyətli ixrac məhsuludur. 2017-ci ildən başlayaraq Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında pomidor birinci məhsuldur. Dövlət Statistika Komitəsinin hesabatlarına görə, 2017-ci ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının 9,9 faizini, 2018-ci ildə 10,5 faizini, 2019-cu ildə 9,7 faizini, 2020-ci ilin 10 ayında 11,9 faizini pomidor təşkil edib.
Ötən il 189 milyon 292 min dollar, bu ilin 10 ayında 173 milyon 19 min dollar dəyərində pomidor ixrac olunub.
İl ərzində Azərbaycanın iş adamlarının alma ixracından 21 milyon 201 min dollar qazandığını nəzərə alsaq, indi qadağa altına düşən iki məhsulun ixracından Azərbaycanın gəliri 200 milyon dollar ətrafındadır. 10 ayda pomidor və alma ixracından əldə edilən valyuta gəlirləri (194 milyon dollar) 11 ayda “Şahdəniz” yatağından qaz və kondensat satışından gəlirin (276 milyon ABŞ dolları) 70 faizinə bərabərdir. Odur ki, Rusiyanın Azərbaycanda pomidor və alma idxalına qoyduğu qadağaya texniki məsələ kimi yanaşmaq və onu Ermənistan və Özbəkistanla müqayisə etmək düzgün deyil. Ruslar qadağanı Ermənistan və Özbəkistanın bir rayonuna tətbiq ediblər. Bizə qarşı qadağa bütün ölkəyə şamil olunur. Unutmayaq ki, Rusiya bazarında satılan hər 5 kiloqram pomidorun 2 kiloqramı, yəni bazarın 40 faizə qədəri Azərbaycanın payına düşür.
Nə etməli? Əvvəla, qeyri-neft ixracının əsas məhsulunun bir bazardan – Rusiyadan asılılığının yaratdığı belə riskləri nəzərə alaraq pomidor və alma ixracatını şaxələndirmək və başqa bazarlara çıxmaq lazımdır.
İkincisi, Qida Təhlükəsizliyi Agentliyi “Rosselxoznadzor” təşkilatı ilə müzakirələrə başlamalı və ixrac məhsullarını bazarın tələblərinə uyğunlaşdırmaqla problemin həllinə çalışmalıdır.
Üçüncüsü, embarqo davamlı olarsa, onda Azərbaycan da Rusiyadan ixrac mallarına qadağalar tətbiq etməlidir”.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatına görə, Azərbaycan 2020-ci ilin yanvar-oktyabr aylarında 1,4 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib.
On ayın ən çox ixrac edilən mallarının siyahısında pomidor 173 milyon dollarla birinci yerdə göstərilib, yanvar-oktyabr aylarında 467,3 milyon dollarlıq meyvə-tərəvəz ixracının qeydə alındığı vurğulanıb.