“Əmanətlərin sığortalanması haqqında” qanuna təklif olunan dəyişikliklərdə 5 aprel 2021-ci ildən fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğini 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırmaq nəzərdə tutulur. Novator.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayev yaydığı şərhində bu yöndə müzakirələr zamanı səslənmiş rəqəmlərə diqqət çəkib: “Bütün əmanətlərin 3,4 milyard manatı və ya 44%-i 100 min manatdan yuxarı əmanət hesablarındadır. Bu hesablar bütün əmanət hesablarının təxminən 1%-idir.
Əmanətlərin yerdə qalan 56%-i (4,4 milyard manat) və ya bütün əmanət hesablarının 99%-i isə 100 min manatdan aşağı məbləğlərdir.
Sərvət bölgüsü və təmərküzləşməsi ilə bağlı araşdırmalarda bu göstərici ən mühüm məlumat mənbələrindən biri hesab edilir: bütün əmanətlərin 1% və 99% əmanət hesabları arasında bölgüsü ümumi mənzərəni təsəvvür etməyə yardım edir.
Maliyyə sərvətlərinin təmərküzləşməsini göstərən bu mənzərə 2005-ci ildən sonra ölkəyə axan nəhəng gəlirlərin (əsasən də resurs gəlirlərinin) qeyri-şəffaf istifadəsinin, ictimai nəzarətin yoxluğunun, büdcə üzərində effektiv parlament nəzarətinin və təkmil satınalma mexanizmlərinin olmamasının məntiqi nəticəsidir.
2005-ci ildən bəri təkcə Dövlət Neft Fondu vasitəsilə 110 milyard dollardan çox vəsait xərclənib. Bunun üzərinə alınan xarici kreditləri, dövlət şirkətlərinin öz gəlir mənbələrindən formalaşan maliyyə vəsaitlərinin xərclənməsini də gəlin, mənzərə tam olsun.
Sərvətlərdən gen-bol istifadənin, bir ovuc insanın nəhəng zənginə çevrilməsinin, sərvət bərabərsizliyinin ağlasığmaz həddə çatmasının ilk mərhələsi 2015-ci ildə əsasən başa çatıb.
İndi işğaldan azad olunan ərazilərin bərpası yenə də nəhəng vəsaitlərdən istifadəni qaçılmaz edir. Bu mərhələdə 2005-2015-ci ildəki institusional boşluqların hamısı aradan qaldırılmalı, böyük investisiya layihələrinə bundan sonra start verilməlidir.
İlk növbədə parlamentin büdcə nəzarəti səlahiyyətləri genişləndiriliməli, hətta daha peşəkar parlamentin formalaşdırılması baş verməlidir.
İctimai nəzarət üçün vətəndaş cəmiyyətinin daha sərbəst fəaliyyətinə, maneəsiz monitorinq imkanlarına şərait yaradılmalıdır.
Medianın sərbəst və bərabər imkanlar çərçivəsində fəaliyyəti üçün hər cür şərait olmalıdır.
İctimai şəxslərin gəlir və sərvətinə dair hər il açıqlanan bəyannamələr cəmiyyət üçün əlçatan olmalıdır.
Satınalma qanunvericiliyi ən yaxşı dünya təcrübələri əsasında yenidən hazırlanmalı, müstəqil parlament qarşısında birbaşa hesabatlı olan avtonom satınalma agentliyi yaradılmalıdır.
Əks halda ölkədə sərvət bərabərsizliyinə rəvac verən ikinci mərhələ başlanacaq. İstənilən ölkəni uzunmüddətli dövrdə inkişafdan saxlayan ən ciddi əngəllərdən biri sərvət bölgüsündə nəhəng bərabərsizliyin yaranmasıdır. Bu bərabərsizlik həm də ölkənin milli təhlükəsizliyi üçün daimi təhdiddir”.