Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan Rusiyaya pomidor və alma idxalını qadağan edib. Dekabrın 10-da qüvvəyə minəcək qərar idxal olunan məhsullarda güvə və almaqurdu aşkarlanması ilə əsaslandırılıb.
Novator.az-ın məlumatına görə, “Rosselxoznadzor”un qadağasını şərh edən iqtisadçı, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu yazır ki, Rusiya bazarı Azərbaycan üçün qeyri-neft məhsullarının əsas ixrac bazarıdır: “Bu bazara göndərilən kənd təsərrüfatı məhsulları arasında pomidor və alma xüsusi yer tutur. Azərbaycanlı iş adamları Rusiya bazarında pomidorun tədarük həcminə görə birinci yerdədir. Rusiyanın Federal Gömrük Xidmətinin hesabatına əsasən, 2019-cu ildə Azərbaycan bu ölkəyə 172 milyon 359 min ton təzə və dondurulmuş pomidor idxal edib. Bu həcm həmin məhsulların ümumi idxalının 30,9%-i kimi rəsmiləşib. Hesablamalara görə, Rusiya bazarına pomidor ixracı il ərzində Azərbaycana 150 milyon ABŞ dollarından çox gəlir gətirir.
Məncə, idxala qadağa qərarının dekabrın 10-u Bakının Azadlıq meydanında keçiriləcək hərbi paradla əlaqəsi var. Azərbaycan Ordusunun Ermənistanla müharibədə qənimət kimi ələ keçirdiyi hərbi texnikalar yalnız Rusiyanın istehsalıdır və onların paradda nümayişi Rusiya hərbi sənaye kompleksini nüfuzdan salır”.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatına görə, Azərbaycan 2020-ci ilin yanvar-oktyabr aylarında 1,4 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib, Rusiyaya 550,6 milyon, Türkiyəyə 285,5 milyon, İsveçrəyə 176 milyon, Gürcüstana 109,1 milyon, Çinə 34,7 milyon dollarlıq mal göndərilib.
On ayın ən çox ixrac edilən mallarının siyahısında pomidor 173 milyon dollarla birinci yerdə göstərilib, yanvar-oktyabr aylarında 467,3 milyon dollarlıq meyvə-tərəvəz ixracının qeydə alındığı vurğulanıb.
Dekabrın 10-u Bakının Azadlıq meydanında keçiriləcək hərbi parad Vətən müharibəsində qələbəyə həsr olunub. Parada müharibə zamanı Azərbaycan Ordusunun düşməndən götürdüyü hərbi qənimətlərin bir qisminin də çıxarılacağı açıqlanıb.
Ermənistan 1988-1994-cü illərin hərbi təcavüzündə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı bölgələri ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb.
Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi işğalda qalır.