2020-ci ilin noyabr ayında Azərbaycanın gündəlik xam neft hasilatı 587 min barrel həcmində rəsmiləşib. Hesabatı dekabrın 9-da Energetika Nazirliyi yayıb.
Novator.az bildirir ki, gündəlik xam neft hasilatı yanvarda 678 min barrel, fevralda 667,4 min barrel, martda 683,7 min barrel, apreldə 679,8 min barrel, mayda 557,2 min barrel, iyunda 553,8 min barrel, iyulda 554,1 min barrel, avqustda 584,6 min barrel, sentyabrda 585 min barrel, oktyabrda 587 min barrel göstərilib.
Beynəlxalq razılaşmaya əsasən, Azərbaycanın gündəlik xam neft hasilatı 587 min barreli ötə bilməz.
Dekabrın 3-də iri neft ixracatçıları – OPEK ölkələri (Anqola, Birləşmiş Ərəb Əmirlikləri, Ekvador, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Qabon, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela) və 10 qeyri-OPEK ölkəsi (Azərbaycan, Bəhreyn, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan) 2021-ci ilin yanvar ayından gündəlik xam neft hasilatını 0,5 milyon barrel artırmağa qərar verib. Azərbaycan gündəlik xam neft hasilatını 8 min barrel artıraraq 595 min barrel səviyyəsində saxlamalıdır.
2020-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 55 dollardan götürülüb, avqust ayında 35 dollara salınıb.
“AzəriLayt” markalı Azərbaycan neftinin barreli yanvara 70,04, fevrala 62,15, marta 53,77, aprelə 19,43, maya 22,92, iyuna 38,14, iyula 43,02, avqusta 44,36, sentyabra 45,92, oktyabra 40,92, noyabra 37,75, dekabra 48,05 dollarla başlayıb.
9 dekabr qiyməti 49,33 dollardır.