İqtisadçı Qubad İbadoğlu ölkələrdə 2021-ci ilin büdcəsi üzrə müzakirələrin bitmək üzrə olmasına, Azərbaycanda isə prosesin hələ başlamamasına diqqət çəkib.
Novator.az-ın məlumatına görə, özünün “Facebook” səhifəsində şərh yayan ekspert qeyd edir ki, görünür, müharibənin ardınca milli iqtisadiyyatın qarşılaşdığı yeni tələblər və koronavirus pandemiyasının yaratdığı qeyri-müəyyənliklər hökumətin işini çətinləşdirib: “Müharibədən əvvəl 2021-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon manat (14 milyard 617 milyon dollar), xərcləri 25 milyard 847,5 milyon manat (15 milyard 212 milyon dollar) məbləğində proqnozlaşdırılmışdı. Ümid edirəm ki, yaxın günlərdə Azərbaycan parlamentində büdcə müzakirələri start götürər. Bəlkə də bu işi hökumət daxilində devalvasiya ilə bağlı fikri ayrılığı ləngidir”.
Mərkəzi Bank 2018-ci il martın 7-dən ABŞ dollarının rəsmi məzənnəsini 1,7 manat səviyyəsində saxlayır.
Qubad İbadoğlu qonşu ölkələrin parlamentlərində növbəti ilin büdcəsinin müzakirə olunduğunu da qeyd edir: “Türkiyədə 2021-ci il büdcəsinin xərcləri 1,4 trilyon lirə (179 milyard 323 milyon dollar), gəlirləri 1,1 trilyon lirə (140 milyard 897 milyon dollar), kəsiri 245 milyard lirə (31 milyard 380 milyon dollar) planlaşdırılıb.
Rusiyanın 2021-ci ilin büdcəsində gəlirlər 18,8 trilyon rubl (255 milyard 654 milyon dollar), xərclər 21,52 trilyon rubl (292 milyard 613 milyon dollar), büdcə kəsiri 2,75 trilyon rubl (37 milyard 386 milyon dollar) məbləğində nəzərdə tutulub.
Ermənistanın 2021-ci il büdcəsinin gəlirləri 1 trilyon 569 milyard dram (3 milyard 257 milyon dollar), xərcləri 1 trilyon 843,1 milyard dram (3 milyard 826 milyon dollar), kəsiri 274 milyard dram (568,9 milyon dollar) məbləğində proqnozlaşdırılıb”.
Azərbaycanın Maliyyə Nazirliyi 2021-ci ilin dövlət büdcəsinin ilkin göstəricilərini sentyabrın 3-də açıqlayıb. Layihə sentyabrın 15-də Nazirlər Kabinetinə təqdim olunub, sentyabrın 23-də təsdiqlənərək prezidentə göndərilib.