Nazirlər Kabineti Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyasına “8 Noyabr” adı verib. Dekabrın 8-də rəsmiləşən qərar prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyevin təşəbbüsüdür.
Novator.az bildirir ki, “8 Noyabr” stansiyası “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarından ibarət xətdə, Silahlı Qüvvələrin Mərkəzi Klinik Hospitalının yaxınlığında yerləşir.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək istəyi ilə təcavüzə başlayıb. 1991-ci ildə müharibə alovlanıb. 1994-cü ilin mayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı bölgələri işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb.
Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi işğalda qalır.
Prezident İlham Əliyevin sərəncamı ilə noyabrın 8-i – Şuşa şəhərinin azad edilməsi günü Zəfər Günü elan olunub.
Əsası 18-ci əsrdə qoyulan Şuşa 1750-ci ildən Qarabağ xanlığının paytaxtı, 1822-ci ildən Qarabağ əyalətinin (daha sonra Şuşa qəzasının) baş şəhəri, 1923-cü ildən isə Azərbaycanın Dağlıq Qarabağ vilayətində rayon mərkəzi olub. 1992-ci il mayın 8-nə keçən gecə Şuşaya hücum edən erməni birləşmələri mayın 9-da şəhəri ələ keçirib və 28 il 6 ay işğalda saxlayıb.