Müdafiə Nazirliyinin hesabatına görə, Silahlı Qüvvələrə Yardım Fonduna dekabrın 1-dək 210,6 milyon manat, 11,1 milyon ABŞ dolları, 181,3 min avro, 495,5 min Türkiyə lirəsi, 1,8 min İngiltərə funt sterlinqi və 5,3 milyon Rusiya rublu daxil olub.
2002-ci ildə yaradılmış Silahlı Qüvvələrə Yardım Fondunun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan vəsaitdir.
Novator.az bildirir ki, 2020-ci ilin əvvəlində Silahlı Qüvvələrə Yardım Fondunda 106,8 milyon manat, 213,5 min ABŞ dolları, 17,5 min avro və 5000 rubl vardı.
Fondda vəsaitlərin kəskin artımı Qarabağ döyüşlərinin nəticəsidir.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək istəyi ilə təcavüzə başlayıb. 1991-ci ildə müharibə alovlanıb. 1994-cü ilin mayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı bölgələri işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb.
Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi işğalda qalır.