Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsi qazilərə yardım vəsaitlərini ələ keçirən şəxsin həbs olunduğu haqda açıqlama yayıb.
Açıqlamada deyilir ki, sosial şəbəkələrdə Vətən müharibəsində yaralanmış hərbi qulluqçulara və ailələrinə yardım olunması məqsədilə onların təqdim etdikləri bank kartı hesablarından pulların ələ keçirildiyi haqda xəbərlər yayılıb. DTX geniş ictimai qınağa səbəb olmuş bu məlumatları araşdırıb.
Araşdırma nəticəsində 1992-ci il təvəllüdlü Rüstəmov Ramil Elxan oğlu tutulub. Onun sosial şəbəkərlərdə yaralı hərbi qulluqçulara və ailələrinə yardım məqsədilə edilən paylaşımları axtarıb tapdığı, sonra şəbəkədə qazilərlə və ailə üzvləri ilə yazışaraq onlara məxsus kartlara dair məlumatları öyrəndiyi və kartdakı vəsaitləri ələ keçirdiyi bildirilir.
Ramil Rüstəmov qeyd olunan cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb edilib.
Araşdırmalar davam edir.