Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Rəsmi bilgiyə görə, parlamentin 11 dekabr iclasında prezident İlham Əliyevin fərmanı təsdiq ediləcək və dekabrın 12-dən Azərbaycanda hərbi vəziyyət ləğv olunacaq.
İclasda həmçinin Hesablama Palatasının sədrinin təyin ediləcəyi, Mülki Məcəllədə, Əmək Məcəlləsində, Gömrük Məcəlləsində, Vergi Məcəlləsində, “Əmanətlərin tam sığortalanması haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Təhsil haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında” qanunlarda, Milli Məclisin daxili nizamnaməsində, “Milli Məclisinin komitələri haqqında” qanunda dəyişiklik layihələrinə baxılacağı vurğulanır.
Azərbaycan ərazisində hərbi vəziyyət bu il sentyabrın 27-də, Qarabağ döyüşləri başlayanda elan edilib. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq olunur.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək istəyi ilə təcavüzə başlayıb. 1991-ci ildə müharibə alovlanıb. 1994-cü ilin mayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı bölgələri işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb.
Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi işğalda qalır.