Dekabrın 7-də Səbail Rayon Məhkəməsi Azərbaycan Ordusuna dəstək aksiyasından sonra cinayət məsuliyyətinə alınmış 15 nəfər barəsində həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. Qərar dövlət ittihamçısının vəsatəti əsasında çıxarılıb.
APA xəbər verir ki, AXCP üzvləri Ramid Nağıyev, Gündüz Mirzəyev, Elnur Cabbarov, Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvü Pərvin Çobanov, bitərəflər Siyavuş Mustafayev, İsmayıl Məmmədov, İlkin Əliyev, Taleh Məmişov, Elçin Məmmədov, Azər Məmmədov, Ramiz Babayev, Səbuhi Mustafayev, Müşviq Vahabov, Fərid Abadov və Dəyanət Mövlayev azadlığa çıxır.
Novator.az xatırladır ki, iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedib, Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, daha 11 hərbi qulluqçu və 1 mülki şəxs şəhid olub.
İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb. Rəsmi məlumata görə, bir neçə polis əməkdaşı bədən xəsarətləri alıb, xidməti avtomobillərə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.
Milli Məclisin birinci mərtəbəsində bir sıra dağıntılar törədildiyi, mülkiyyətə və inventara ziyan dəydiyi də bəyan olunub.
Baş Prokurorluğun İstintaq İdarəsi bu işin istintaqını qəsdən sağlamlığa az ağır zərər vurma; əmlakı qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmək ittihamları üzrə aparıb.
İstintaqı tamamlanan 37 təqsirləndirilən şəxsin 36-sı həbsdə saxlanıb.
Noyabrın 16-da Səbail Rayon Məhkəməsi 21 nəfəri ev dustaqlığına buraxıb. Onların 12-si AXCP üzvü (Asif Yusifli, Seymur Əhmədov, Bəxtiyar İmanov, İsmayıl Həsənov, Ayaz Məhərrəmov, Baba Süleymanov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Telman Seyfullayev, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Müşviq Quliyev), 2-si Müsəlman Birliyi Hərəkatının təmsilçisi (Tural Vəliyev, Kamil Mahmudov), 7-si bitərəfdir (Emin Hüseynzadə, Şəmsi Rəhimli, Vüsal Quliyev, Elçin Mehdiyev, Fariz Məmmədov, Ariz İbadətoğlu, Ceyhun Məmmədov).
Cəbhəçi Elvin Məmmədov polisin nəzarətindədir.
AXCP fəalı Ruslan Əmirov sonradan cinayət məsuliyyətinə alınıb. O, oktyabrın 10-da polis nəzarətinə verilib.