Rusiya hökuməti COVİD-19 əleyhinə vaksin proqramının icrasına başlayıb. Novator.az xəbər verir ki, Rusiyada istehsal olunmuş “Sputnik V” vaksininin əvvəlcə koronavirusa yoluxma riski yüksək olan işçilərə vurulması qərara alınıb.
“Euronews” kanalı bildirir ki, Rusiya rəsmilərinin hələ heç yerdə koronavirusa qarşı peyvəndin istifadəsinə razılıq verilmədiyi bir vaxtda, avqust ayında “Sputnik V” vaksininin istifadəyə hazır olduğunu elan etməsi dünyada təəccüblə qarşılanmışdı.
Bəzi ekspertlər sınaq müddəti qısa çəkdiyinə və sınaqlarda az adam iştirak etdiyinə görə Rusiya vaksininin təhlükəsiz olduğuna şübhə ilə yanaşırlar.
Rusiyada vaksin sınaqları hələ də davam edir, buna görə indiki mərhələdə yalnız yaşı 60-dan az olan və xroniki xəstəlikləri olmayan şəxslərə peyvənd vurulması təklif olunur.
Ölkə səhiyyəsinin rəsmiləri bildiriblər ki, onlar paytaxt Moskvada 70 klinika açıblar və vaksin öncə yaşı 60-dan az olan və xroniki xəstəlikləri olmayan şəxslər arasında səhiyyə və təhsil işçilərinə, o cümlədən sosial sahələrdə çalışanlara təklif edilir.
Dekabrın 2-də Böyük Britaniya ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətlərinin birgə hazırladığı vaksinin kütləvi tətbiqinə rəsmən lisenziya verib. Beləliklə, Britaniya kütləvi peyvəndləməyə gedən ilk ölkəyə çevrilib.
Rusiya prezidenti Vladimir Putin ölkədə vaksinasiya proqramın icrasına başlanması haqda qərarı Britaniyanın həmin qərarından cəmi bir neçə saat sonra elan edib.
Rusiyanın “Sputnik V” vaksini ölkədə rekord sayda yoluxmanın qeydə alındığı dövrdə istifadəyə buraxılır.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq 220 ölkə, ərazi və məkana yayılan koronavirus infeksiyasına indiyədək dünyada 67 milyondan çox insan yoluxub. 1 milyon 541 mindən çox adam bu infeksiyanın qurbanına çevrilib.
Rusiya yoluxmanın ən çox qeydə alındı ölkələr sırasında dördüncü yerdədir. İndiyədək Rusiyada 2 milyon 460 mindən çox adam koronavirusa yoluxub, 43 mindən çox xəstə bu virusdan vəfat edib.
Mənbə: Euronews.com