İranın nüvə və raket sistemləri üzrə alimi Möhsün Fəxrizadənin qətli ilə bağlı irəli sürülən əsas versiyalardan biri belədir: bu qətl islam respublikasının nüvə proqramını pozmaq, onun nüvə silahı əldə etməsinin qarşısını almaq üçün törədilib. Son 10 ildə İranda baş vermiş bir sıra sui-qəsdlər, partlayışlar və kibercinayətlər bu motivlə izah olunur. Novator.az saytı İsrailin “Haaretz” qəzetinə istinadla həmin hadisələrin xronologiyasını təqdim edir.
12 yanvar 2010-cu il. İranın görkəmli nüvə alimi professor Məsud Əli Məhəmmədi Tehranın şimalında qətlə yetirilib.
Sentyabr 2010-cu il. “Nətənz” uran zənginləşdirmə zavodunda sentrifuqalara qarşı “Stuxnet” adlı kompüter virusu yerləşdirilib.
29 oktyabr 2010-cu il. İranın nüvə proqramının o zaman ən yüksək səlahiyyətli alimi olan professor Məcid Şəhriyari və digər nüvə alimi Tehranda ayrı-ayrılıqda təşkil edilmiş iki sui-qəsd nəticəsində öldürülüb.
23 iyul 2011-ci il. İranın nüvə proqramında iştirak edən fizika professoru Tehranda qətlə yetirilib.
11 yanvar 2012-ci il. “Nətənz” zavodunda direktor müavini vəzifəsində çalışmış kimyaçı Tehranda törədilən partlayış nəticəsində öldürülüb.
31 yanvar 2018-ci il. İsrail qüvvələri Tehranın ətrafında İranın nüvə proqramı ilə bağlı sənədlərin gizlədildiyi anbara müdaxilə edərək on minlərlə gizli sənədi ələ keçirib.
26 iyun 2020-ci il. İran hökumətinin verdiyi məlumata görə, nüvə silahlarının detonatorlarının sınaqdan keçirildiyi “Parçin” hərbi bazasında partlayışlar baş verib.
30 iyun 2020-ci il. Qərb ölkələrinin rəyinə görə, böyük döyüş sursatı anbarı kimi fəaliyyət göstərən, yeraltı tunellərlə əhatə edilmiş “Parçin” bazasının yaxınlığında, Xocirdə partlayış baş verib. Bazada İran İnqilab Keşikçiləri Korpusunun ballistik raket qurğuları üçün yanacaq istehsal olunduğu bildirilir.
2 iyul 2020-ci il. “Nətənz” zavodunda baş verən, İsrailin təşkil etdiyi iddia olunan partlayış nəticəsində uranın zənginləşirilməsi üçün aparıcı sentrifuqaların cəmləndiyi struktur zədələnib. Hesablamalara görə, bununla İranın nüvə proqramı bir-iki il geri düşüb.
19 iyul 2020-ci il. Ölkənin mərkəzində yerləşən İsfahan şəhərində elektrik stansiyası partlayıb.
27 noyabr 2020-ci il. İranın nüvə proqramının rəhbəri professor Möhsün Fəxrizadə Tehranın şimal-şərqində qətlə yetirilib.
Mənbə: Haaretz.com