Əhalisinin sayı 126 milyon nəfər olan Yaponiyada bütün vətəndaşlara koronavirus peyvəndi pulsuz vurulacaq.
Novator.az saytı “France 24” kanalına istinadla bildirir ki, artıq Yaponiya parlamentinin aşağı və yuxarı palataları peyvənd xərclərinin dövlət büdcəsi hesabına qarşılanmasını nəzərdə tutan qanunu təsdiqləyib.
Yaponiya ABŞ-ın əczaçılıq şirkətlərindən – “Pfizer”dən 60 milyon, “Moderna”dan 25 milyon dozada koronavirus peyvəndi alıb. Böyük Britaniyanın “AstraZeneca” şirkətindən də 120 milyon dozada peyvənd alınacağı bildirilir.
Yaponiyada koronavirus peyvəndinin vətəndaşlara dövlət vəsaiti hesabına vurulması haqda qanun baş nazirin virusla bağlı vəziyyətin kritik həddə çatdığını söyləməsindən və tibb işçilərinin xəstəxanaların çökə biləcəyi haqda xəbərdarlığından iki həftə sonra qəbul edilib.
Digər ölkələrlə müqayisədə Yaponiyada virusa yoluxanların sayı qismən azdır və ciddi karantin rejimi tətbiq edilməyib.
İndiyədək Yaponiyada koronavirus infeksiyasına 153 minə yaxın adam yoluxub, onlardan 2300-ə yaxını vəfat edib. Amma indi Yaponiya xəstəliyin yayılmasının üçüncü dalğası ilə üz-üzədir və ölkədə infeksiyaya yoluxanların gündəlik sayı əvvəlki dövrlərlə müqayisədə çoxdur.
Paytaxt Tokionun qubernatoru sakinləri gəzintilərdən çəkinməyə çağırıb və tövsiyələrə əməl olnmasa, spirtli içki verən müəssisələrin dərhal bağlanmasını xahiş edib.
Hökumət həm də ayrı-ayrı bölgələrdə daxili turizm agentliklərinin təşkil etdiyi səfərlərin dayandırılmasına razılıq verib.
Mənbə: France24.com