ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden “Nyu-York Tayms” qəzetinin əməkdaşı Tomas Fridmana telefonla müsahibə verib.
Novator.az saytının məlumatına görə, Tomas Fridman müsahibəni qəzetdə təqdim edərkən yeni seçilmiş prezidentlə bir saatdan çox telefonla danışdığını, onun yüksək əhvalda olduğunu qeyd edib.
Qəzetçi Baydeni Delavar ştatında “yaxaladığını” diqqətə çatdırıb: “Mən Betesdə, Merilend ştatındaydım. Nəhayət, əlaqə qura bildim, öncə Bayden bu eksklüziv müsahibəyə gecikdiyinə görə üzr istədi. Eyni zamanda o, elə indicə yeni bir xəbər aldığını dedi. Yeni seçilmiş prezidentə məlumat vermişdilər ki, Ədliyyə Nazirliyi və ABŞ-ın baş prokuroru Uilyam Barr bu ilin noyabrında keçirilən prezident seçkisində ciddi qanun pozuntusu aşkarlanmadığını bəyan edib. “Hər şey bitdi” söyləyən Bayden sonra zarafata keçdi, prokuror Barrın ona zəngindən danışdı, gülə-gülə dedi: “Barr mənə zəng edib soruşdu ki, mən onu şahidlərin qorunması proqramına daxil edə bilərəmmi? “Axı səni müdafiə etdiyimə görə indi məni təhlükə gözləyir” söylədi Barr”.
“Nyu-York Tayms”ın jurnalisti ilə söhbəti zamanı Cozef Bayden indiki prezident Donald Trampa daha 4 il hakimiyyətdə qalmaq şansı vermədiyinə görə çox sevindiyini bildirib: “Əlbəttə, buna görə xoşbəxtəm. İndi görəcəyim əsas işlərdən biri Senatla işləmək olacaq”.
Senatla necə işləyəcəyindən qısaca söz açan Bayden respublikaçıların Senatdakı lideri Mitç Makkonnell və onun həmkarları ilə əlaqələr quracağını, əməkdaşlıq edəcəyini söyləyib.
Jurnalist Tomas Fridman yazır: “Bayden özünə çox inamlı təsir bağışlayırdı. Çin problemindən də danışdı. ABŞ-ın yeni seçilmiş prezidentinin fikrincə, Çinlə hələ bütün körpülər yandırılmayıb və bu ölkə ilə münasibətlər qurmaq üçün yeni strategiya işlənib hazırlanmalıdır. Onun planlarına ABŞ-İran münasibətlərinə yenidən baxmaq da daxildir. Bayden deyir ki, ABŞ-ın İran siyasətinin uğursuz nəticələrini, Tramp administrasiyasının yol verdiyi səhvləri düzəltmək üçün öncə İranla müqaviləyə qayıtmaq gərəkdir. Bayden bunun baş tutacağına çox ümid edir. O, mənimlə telefon söhbətində belə dedi: “Biz buna hazırıq, əgər Tehran razılıq versə, Trampın sanksiyalarına son qoyula bilər. Yoxsa bu, çox pis ənənəyə gətirəcək. Şərqdə, Asiyada bir çox dövlətlər nüvə silahına malik olmaq üçün yarışa girəcək”.
Mən Co Baydenə əsas sualımı da verdim: Belə bir anormal şəraitdə, pandemiyanın tüğyan etdiyi dövrdə, üstəlik, Trampın təzyiqləri altında prezident seçilmək necə hissdir? Bayden sualı belə cavablandırdı: “Özümü ölkəmə xeyir verən adam kimi hiss edirəm. Donald Trampın daha 4 il prezident seçilməməsinə nail oldum. Ona ilk mərhələdə 75 milyon adam səs vermişdi, sonra get-gedə səslərinin yarıdan çoxunu itirdi. ABŞ fəlakətdən qurtula biləcək. Buna inanıram. Ancaq seçkidə qalib gəlsəm də, eyforiya yoxdur.
Mən nəvələrimin hansı vəziyyətdə olduğunu xatırlayıram. Qız nəvəm Kolumbiya Universitetinin məzunu kimi diplom ala bilməyəcək, çünki təqdimat virtual həyata keçirilir, mən də həmin virtual təqdimatda çıxış edəcəm. Bu gənclər məzun sevincini dada bilməyəcəklər, mərasim qurub əylənə bilməyəcəklər. Amma bu yalnız bir məqamdır. Qarşıda görüləsi iş çoxdur. Məqsədim qısa zaman ərzində heç olmasa bir neçə problemi həll etməkdir.
Əlbəttə, bütün bunları həyata keçirmək üçün ən vacib nüanslardan biri də respublikaçıların özlərini necə aparacağıdır. Səs-küylə olsa da, Tramp məğlub kimi gedəcək və onun gedişindən sonra Makkonnellin özünü necə aparacağı bir çox məsələlərə aydınlıq gətirəcək”.
Müsahibə zamanı Cozef Bayden İran məsələsinə xüsusi diqqət ayıracağını bir daha vurğulayıb, İranı Rusiyadan uzaqlaşdırmaq niyyətində ciddi olduğunu qeyd edib.
Tomas Fridman ABŞ-ın yeni seçilmiş prezidenti ilə telefon söhbətində belə qənaətə gəlib ki, Baydenin Rusiyaya qarşı siyasi baxışlarında prinsipial dəyişiklik gözləmək mümkün deyil.
Mənbə: Nytimes.com