Dekabrın 4-ü gündüz saat 12-də Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan olunub. Həmin gün prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Şəhidlər xiyabanını ziyarət ediblər. Dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil, birinci xanım gül dəstəsi qoyub.
Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək aparılmış Vətən müharibəsində Silahlı Qüvvələrin 2783 nəfər hərbi qulluqçusu şəhid olub, 100 nəfərdən artıq hərbi qulluqçu itkin düşüb.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək istəyi ilə təcavüzə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunub. Bunun ardınca müharibə alovlanıb. 1994-cü ilin mayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı bölgələri işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb.
Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi işğalda qalır.
Baş Prokurorluğun hesabatına görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində sentyabrın 27-dən noyabrın 9-dək 93 mülki şəxs həlak olub, 5 nəfər isə atəşkəsdən sonra minaya düşərək həyatını itirib.