İkinci Dünya müharibəsinin 104 yaşlı veteranı, müharibədə qalib gəlmiş ABŞ ordusunun mayoru Holi Vuten Makdonald koronavirusa qalib gəlib.
Novator.az saytı ABŞ-ın “Associated Press” agentliyinə istinadla xəbər verir ki, koronavirusdan sağaldığı həftə veteranın ad gününə təsadüf edib. Bu həftə veteran zabit həm virusdan qurtulmasını, həm də ad gününü qeyd edib.
Uzunömürlü veteranın nəvəsi Holi bunun möcüzə olduğunu deyib. O bildirib ki, babasının təcili yardım maşını ilə xəstəxanaya aparıldığı günü heyrətlə xatırlayır: “Bilmirəm, dərmanlar belə tez təsir etdimi?.. Ancaq 24 saatdan sonra o artıq özünü yaxşı hiss edirdi”.
Holi hazırda babasının səhhətinin get-gedə daha da yaxşılaşdığını vurğulayıb.
104 yaşlı babanın qız nəvəsi həkimlərə təşəkkür etməyi unutmayıb. O deyib: “Yaxşı ki, babamı vaxtında koronavirus testindən keçirə bildik. Elə buna görə də müalicə uzun sürmədi. Təəccüblüdür, 104 yaşlı “oğlan” bir həftəyə COVİD-i məğlub etdi”.
Veteranın bir həftə ərzində müalicə olunduğu Medison Hospitalı bu qeyri-adi pasiyenti həm də ad gününü təbrik etməklə, təntənəli surətdə evə yola salıb.
Hazırda qan dövranında və nəfəsalmasında heç bir problemi olmayan mayor Vutenin həkimləri deyiblər ki, onun daxili orqanları tər-təmizdir.
Nəvə Holi babasının futbol fanatı olduğunu, Alabama Universitetinin futbol komandasına azarkeşlik etdiyini söyləyib. O bildirib ki, futbol komandasının baş məşqçisi Nik Saban babasını sağalması münasibətilə təbrik edib: “Nik Sabanın zəngi babamı elə sevindirdi ki… O sanki göyün yeddinci qatında idi”.
Koronavirus kimi ağır bəlanı adlayan 104 yaşlı veteranın yaxınlarının sözlərinə görə, mayor Vutendən qabaq onun qızı, sonra isə bir nəvəsi (həmin qızının qızı) COVİD-ə yoluxubmuş. Ona görə də veterana infeksiyanın doğmalarından keçdiyi güman olunur.
Veteranın qızı da, bir həftə süni nəfəs aparatında saxlanan nəvəsi də sağalıb.
Mənbə: Apnews.com