Müxalifət liderləri prezident İlham Əliyevin 2 dekabr sərəncamlarına münasibət bildirib.
Dövlət başçısı həmin sərəncamlarla sentyabrın 27-ni Anım Günü kimi, noyabrın 10-nu Zəfər Günü kimi rəsmiləşdirib.
Novator.az-ın məlumatına görə, Müsavat Partiyasının başqanı Arif Hacılı özünün “Facebook” səhifəsində yazır ki, 10 noyabrın Zəfər Günü elan edilməsi yanlış qərardır: “Rus ordusunun 28 illik fasilədən sonra yenidən ölkəmizə gətirildiyi gün zəfər günü ola bilməz. 10 noyabr bayram günümüz deyil. Zaman keçdikcə, həmin gün imzalanan razılaşmanın ağır nəticələri daha aydın göründükcə bu həqiqəti hər kəs anlayacaq.
Dünyanın hər yerində Azərbaycan dostlarının qələbəmizin oğurlandığı gün kimi dəyərləndirdiyi 10 noyabrı biz bayrammı edəcəyik?
Əslində İkinci Qarabağ müharibəsinə aid olan möhtəşəm Zəfər Günümüz var. 8 noyabr – Şuşanın işğaldan azad edildiyi gün Azərbaycan xalqının və ordunun zəfər günüdür”.
Özünün “Facebook” səhifəsində şərh yayan Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu qeyd edir ki, 27 sentyabrın Anım Günü elan olunmasını bəyənir, amma noyabrın 10-nun Zəfər Günü kimi rəsmiləşməsi ilə razılaşmır: “Əvvəla, zəfərləri rəşadətli Azərbaycan Ordusu qazanıb, odur ki, həmin gün üçün ən uğurlu tarix noyabrın 8-i – şəhidlərimizin qanı və canı hesabına qaytarılan Şuşanın azadlıq günüdür. Zəfər Gününün noyabrın 10-na salınması Azərbaycan Ordusunun əldə etdiyi uğurların mənimsənməsi və rusların adına rəsmiləşdirilməsi deməkdir.
Xankəndidə yenə də Azərbaycanın deyil, qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı dalğalanırsa, hansı zəfərdən danışmaq, torpaqlarımızın bir hissəsinin Azərbaycanın nəzarətində olmamasını necə bayram etmək olar?
Həm də ərazisini başqa dövlətin ordusu qoruyan ölkə zəfərdən deyil, işğaldan danışmalıdır”.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək istəyi ilə təcavüzə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunub. Bunun ardınca müharibə alovlanıb. 1994-cü ilin mayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı bölgələri işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.
Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putinin noyabrın 10-da açıqlanan birgə bəyanatı ilə hərbi əməliyyatlar dayandırılıb.
Dağlıq Qarabağda təmas xətti və Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib.
Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi işğalda qalır.
Dekabrın 3-də Prezident Administrasiyası məlumat yayaraq bəyan edib ki, noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfat etdiyi gün olduğu üçün prezident İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul edib. Zəfər Günü noyabrın 8-nə – Şuşa şəhərinin azad edilməsi gününə salınıb.
Mustafa Kamal Atatürk Türkiyənin ilk prezidentidir. 1938-ci ildə vəfat edib.