Siyasətçi İsa Qəmbərin sədrlik etdiyi Milli Strateji Düşüncə Mərkəzi Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanma prinsiplərinə dair bəyannamə yayıb. Novator.az-ın məlumatına görə, bəyannamədə qeyd olunur ki, Ermənistanla sülh danışıqları birbaşa və vasitəçilərsiz aparılmalı, danışıqların predmeti konkret olmalı, ilk növbədə dövlət sərhədinə dair sazişin imzalanmasını nəzərdə tutmalıdır.
Bəyannaməyə əsasən, Azərbaycan ərazisində hər hansı formada yeni bir dövlətin yaranması, bununla əlaqədar Azərbaycan Konstitusiyasına zidd şəkildə referendum keçirilməsi yolverilməzdir: “Dağlıq Qarabağın statusu” adlandırılan məsələ yalnız Azərbaycanın ərazi bütövlüyü daxilində, bütün Azərbaycan xalqının ümumxalq səsverməsində ifadə etdiyi rəylə müəyyən oluna bilər.
Azərbaycanda yaşayan erməni mənşəli vətəndaşların statusu Ermənistan Respublikasından 1988-ci ildə zorla çıxarılan azərbaycanlı əhalinin öz yurdlarına qaytarılması, onların təhlükəsizliyinin təminatı və statusu ilə eyni vaxtda simmetrik qaydada həll olunmalıdır.
Münaqişənin həllinə cəlb olunmuş ATƏT-in Minsk qrupunun və həmsədr dövlətlərin (Rusiya, Fransa, ABŞ) 28 illik fəaliyyətləri səmərəsiz qaldığına görə mövcud format dəyişdirilməli və Türkiyənin nizamlanma prosesində aktiv iştirakı təmin edilməlidir.
Rusiya Federasiyasının hərbi birləşmələrinin bölgəyə istənilən ad altında daxil olması Azərbaycanın suverenliyinə ciddi təhdid olduğu üçün yolverilməzdir.
Təcavüz, işğal və bütövlükdə münaqişə dövründə Azərbaycana dəymiş maddi zərərin ödənməsi məsələsi sülh müqaviləsində həllini tapmalı və onun ödənməsinə müvafiq beynəlxalq təminatlar verilməlidir”.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək istəyi ilə təcavüzə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunub. Bunun ardınca müharibə alovlanıb. 1994-cü ilin mayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı bölgələri işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.
Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putinin noyabrın 10-da açıqlanan birgə bəyanatı ilə hərbi əməliyyatlar dayandırılıb.
Dağlıq Qarabağda təmas xətti və Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib.
Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi işğalda qalır.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupu məşğul olur. Bu quruma ABŞ, Fransa, Rusiya (həmsədrlər), Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.
1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindəndir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib. 1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutub.