AXCP sədri Əli Kərimli jurnalist və hüquq müdafiəçisi, partiya fəalı Təzəxan Mirələmlinin 50 yaşını təbrik edib. Novator.az-ın məlumatına görə, partiya lideri özünün “Facebook” səhifəsində yazır: “Ətrafımızda film qəhrəmanları kimi adamlar yaşayır. Ancaq biz çox vaxt bu gerçək qəhrəmanları görmürük, ya da gördüyümüzü hiss etdirmirik.
Təzəxan Mirələmli hələ tələbə ikən milli azadlıq hərəkatına qoşuldu, cəbhəçi oldu. Doğulduğu Cəlilabad rayonunun məktəblərində riyaziyyat müəllimi kimi dərs demək idi arzusu. Təzəxan bəy digər cəbhəçi dostları kimi vətənpərvər, Qarabağ sevdalısıdır. Vətənin düşmən tapdağında qalmasına dözə bilməyib minlərlə cəbhəçi kimi Qarabağ savaşına könüllü getdi. Artilleriya zabiti olaraq şərəfli döyüş yolu keçdi.
Atəşkəsdən sonra Cəlilabadda sevdiyi müəllimlik peşəsi ilə məşğul oldu. Cəbhədaşları ilə birlikdə azadlıq, ədalət mübarizəsini davam etdirdi. Bu mübarizədəki prinsipiallığına, ardıcıllığına görə Cəlilabad cəbhəçiləri onu AXCP rayon təşkilatının sədri seçdilər.
2011-ci ildə Azərbaycanda siyasi mübarizə yenidən hərarətlənmişdi. İqtidar-müxalifət münasibətlərinin gərginləşdiyi həmin məqamda AXCP Cəlilabad şöbəsinin sədri olan Təzəxan bəyin məktəbli oğlunu təxribata çəkdilər, qan töküldü, bir məktəbli balamız həyatını, digəri isə azadlığını itirdi. Təzəxan bəyin oğlu Vasif 8 il müddətinə azadlıqdan məhrum edildi.
Ancaq bununla bitmədi Təzəxan bəyin məhrumiyyətləri. Onu bütün vasitələrlə linç edirdilər. Cəlilabaddakı ev-eşiyini, işini tərk edib Bakıya gəlməyə məcbur oldu. Ancaq təzyiqlər yenə də bitmədi – Təzəxan bəyin atası və qardaşı da həbs edildi. Təzəxan bəy həmin illərdə əsl faciə yaşadı – ev-eşiyini, işini itirmiş vəziyyətdə oğul, ata, qardaş üçün illərlə həbsxana yollarında qalmalı oldu. Ancaq bütün bu çətinliklər onu əyə, sarsılmaz mövqeyini dəyişə, mübarizəsindən çəkindirə bilmədi. Təzəxan bəy yenə də azadlıq və ədalət mübarizəsinin ön cərgəsində oldu, üstəlik, yeni peşələr qazandı. İndi o həm də ölkənin tanınmış jurnalistlərindən və hüquq müdafiəçilərindən biridir.
İllər keçdi, Təzəxan bəyin oğlu Vasif və atası azadlığa qovuşdular. Kiçik oğlu Vahid böyüdü, hərbi xidmətini başa vurub evləndi, Mirələmlilər ailəsinə sevinc yaşatdı.
İkinci Qarabağ savaşında Vahid ön cəbhəyə yollandı, ən öndə duranlardan oldu. O, Şuşanın azad edilməsində ən vacib və təhlükəli missiyalardan birini yerinə yetirdi. Vahid savaşda olduğu günlərdə Allah Mirələmlilər ailəsinə daha bir xoşbəxtlik nəsib etdi – Vahidin oğlu Ayxan dünyaya gəldi.
Qarabağ savaşının igid topçusu, AXCP Nəzarət-Təftiş Komissiyasının üzvü, cəsur və mübariz əqidədaşımız Təzəxan bəy Şuşa fatehi Vahidin atası, 2 aylıq Ayxanın babası olaraq 50 yaşını qürur və məmnunluqla qeyd edir.
Yubileyin mübarək, əziz dost. Allah sənə uzun və şərəfli ömür, dövlətimizə və xalqımıza bundan sonra da xidmət göstərə bilməyin üçün fürsətlər nəsib etsin”.
Təzəxan Mirələmli 1970-ci il dekabrın 1-də doğulub. Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirib. Azadliq.info saytının əməkdaşı, Müdafiə Xətti hüquq müdafiə təşkilatının təsisçilərindəndir.
Bu il aprelin 13-də Təzəxan Mirələmliyə xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılıb. İyunun 19-da ona 1 il azadlığın məhdudlaşdırılması cəzası kəsilib. Jurnalist fevralın 26-sı Bakının Xətai rayonunda, Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət mərasimində hakimiyyət tərəfdarı olan fəal Ata Abdullayevə xəsarət yetirməkdə təqsirli bilinib.