Dekabrın 1-də Sabunçu Rayon Məhkəməsi AXCP fəalı Məhəmməd İmanlını 1 il müddətinə azadlıqdan məhrum edib. Fəal Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) təqsirli bilinib. İttihama əsasən, Məhəmməd İmanlı koronavirus xəstəsi ola-ola evdən çıxıb.
Sabunçu Rayon Polis İdarəsi bəyan edir ki, Məhəmməd İmanlı iyulun 20-də əməliyyat məlumatı əsasında küçədə saxlanıb polis idarəsinə gətirilib.
Məhəmməd İmanlı isə bildirir ki, iyulun 16-da sahə rəisi ona zəng edib, o da həmin zəng əsasında evin yanında rəislə görüşüb və polisə aparılıb.
Gənc fəalın sözlərinə görə, onu dörd gün Sabunçu Rayon Polis İdarəsinin 13-cü bölməsində saxlayıblar, həmin müddət ərzində Baş Prokurorluğun İstintaq İdarəsinə aparıb Azərbaycan Ordusuna dəstək aksiyası ilə əlaqədar dindiriblər. Fəal qeyd edir ki, iyulun 20-də onu Sabunçu Rayon Polis İdarəsinə aparıb koronavirus yayma ittihamı irəli sürüblər, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçiləndən sonra Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb, ancaq koronavirus xəstəsi olmadığı üçün heç bir müalicə aparılmayıb.
Bu il iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedib, Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, daha 11 hərbi qulluqçu və 1 mülki şəxs şəhid olub.
İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb. Rəsmi məlumata görə, bir neçə polis əməkdaşı bədən xəsarətləri alıb, xidməti avtomobillərə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.
Milli Məclisin birinci mərtəbəsində bir sıra dağıntılar törədildiyi, mülkiyyətə və inventara ziyan dəydiyi də bəyan olunub.
Baş Prokurorluğun İstintaq İdarəsi bu işin istintaqını qəsdən sağlamlığa az ağır zərər vurma; əmlakı qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmək ittihamları üzrə aparıb.
İstintaqı tamamlanan 37 təqsirləndirilən şəxsin 36-sı həbsdə saxlanıb.
Tutulanların 15-i AXCP üzvü olub.
Cəbhəçi Elvin Məmmədov polisin nəzarətindədir.
AXCP fəalı Ruslan Əmirov sonradan cinayət məsuliyyətinə alınıb. O, oktyabrın 10-da polis nəzarətinə verilib.
Noyabrın 16-da Səbail Rayon Məhkəməsi Azərbaycan Ordusuna dəstək aksiyasından sonra cinayət məsuliyyətinə alınmış şəxslərin 21-ni ev dustaqlığına buraxıb. Onların 12-si AXCP üzvüdür.