İsrailin “Haaretz” qəzetində İranın nüvə proqramının banisi sayılan professor Möhsün Fəxrizadənin qətli ilə bağlı baş məqalə – redaksiya məqaləsi dərc olunub. Nüvə və raket sistemləri üzrə alim Möhsün Fəxrizadə bu il noyabrın 27-də Tehranda öldürülüb. “Haaretz”in ivrit və ingilis dillərində yayılan baş məqaləsində bu qətlin motivləri və mümkün nəticələri ilə bağlı maraqlı mülahizələr irəli sürülür. Novator.az saytı məqaləni ingiliscədən tərcümə edərək oxucuların diqqətinə çatdırır. Məqalə orijinalda “İranlı alimin qətlə yetirilməsi təhlükəli təxribatdır” adlanır.
Vaşinqtonda hakimiyyəti təhvil-təslim etməsinə az qalmış prezident Donald Trampın Tehranın şimal-şərqində öldürülən İranın nüvə proqramının banisi Möhsün Fəxrizadənin qətlinə xeyir-dua verdiyi güman olunur.
Regionda gərginlik yarada biləcək bu əməliyyatda məqsəd Tramp hakimiyyətinin son anlarından yararlanıb yeni seçilmiş prezident Cozef Baydenə əngəl törətmək, ABŞ-ın İranla beynəlxalq nüvə sazişinə dair danışıqlar masasına qayıtmasına mane olmaqdır.
“Nyu-York Tayms” qəzeti kəşfiyyat xidməti əməkdaşlarının qətl hadisəsini İsrail hökuməti ilə əlaqələndirdiyini, İran liderlərinin isə sərt qisasla hədələdiyini xəbər verib. İran prezidenti Həsən Ruhani birbaşa İsraili günahlandırıb və xəbərdarlıq edib ki, rəsmi Tehran “zamanı gələndə” bunun cavabını verəcək. İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Hüseyn Baqeri hadisəyə görə “sionistləri” ittiham edib. Xarici işlər naziri Məhəmməd Cavad Zərif də barmağını Yerusəlimə tuşlayaraq onu “müharibəni qızışdırmaqda” ittiham edib.
Bu təhdidlər o deməkdir ki, İsrail koronavirus böhranının ağırlaşdığı, üstəlik, hökumətin baş nazir ətrafında cəmləşmiş adamların vaxtaşırı xarici işlər və müdafiə nazirlərini hərbi-siyasi məsələlərdən kənarlaşdırmaları ilə öyünəcəyi səviyyədə parçalandığı, funksionallığını itirdiyi bir dövrdə Tehranla “kəllə-kəlləyə gəlmək” riskini artırır.
Hakimiyyətdən bu dərəcədə başgicəllənmə İsraili təkcə İranla təhlükəli hərbi münaqişəyə deyil, həm də Ağ evi hələ təhvil almamışdan Bayden administrasiyası ilə ilk diplomatik böhrana sürükləyə bilər. Onsuz da İsrailin qarşısında Demokratlar Partiyasının rəhbərliyi dövründə rəsmi Vaşinqtonla münasibətləri bərpa etmək kimi çətin bir vəzifə dururdu. Amma indiki halda görünən odur ki, İsrail İrana qarşı mübarizədə də mühüm əhəmiyyət daşıyan bir strateji müttəfiqliyi qoruyub saxlamaqdansa uçurumu dərinləşdirir.
Bu mürəkkəb vəziyyətdə israilli siyasətçilər demək olar baş nazir Benyamin Netanyahunun İran siyasətini tənqid etmirlər, yaxud bu siyasətə bir alternativ irəli sürmürlər. Müxalifət, Allah eləməmiş kimi, birdən iqtidardan daha az vətənpərvər görünər deyə tez bu əməliyyatları tərifləməyə tələsir. Yerini bir başqası tutacaqsa (çox güman, belə də olacaq), onda o adamı öldürməyin nə mənası var? – bunu soruşan siyasətçilərin sayı azdır. Bundan da az adam soruşur ki, əgər iranlılar İsrail ərazisində yüksək vəzifəli məmurlardan birinə, xüsusilə onun ən yaxşı alimlərindən birinə sui-qəsd təşkil etsəydi, İsrail buna necə cavab verərdi? Bəs diplomatiyaya nə gəlib, niyə diplomatiya mümkün variantlar sırasından çıxarılıb? – bu sualı verən isə lap azdır.
İsraillə İran arasında terror tarazlığı hökm sürür, qarşı tərəfi çəkindirmək üçün hər hansı mümkün həll yolu axtarmadan silahlanma yarışı gedir. Halbuki gərginliyin qarşısını almaq üçün hərbi həll yollarına deyil, daha çox diplomatik həll yollarına əl atılmalıdır. Bu, hazırda ABŞ-da demokratlarla respublikaçılar arasında fikir ayrılığı yaratmış, İsraildə isə ümumiyyətlə müzakirəsi qadağan edilmiş bir məsələdir.
Mənbə: Haaretz.com