İqtisadçı Rövşən Ağayev işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı ilə bağlı fikirlərini açıqlayıb. Novator.az-ın məlumatına görə, o, “Facebook” səhifəsində yazır ki, işğaldan qurtulan bölgələrdə təbii ehtiyatlar var, lakin həmin ehtiyatların ölkə iqtisadiyyatı üçün yüksək əlavə dəyər yaradacağı ilə bağlı iddialar real hesablamalara əsaslanmır: “Azərbaycanda təbii ehtiyatlara əsaslanan mədən sənayesinin yaratdığı əlavə dəyərin 95%-ni neft-qaz sektoru təmin edir. Qiymətli və digər növ metalların yaratdığı əlavə dəyərin illik həcmi heç 100 milyon manatı da keçmir. Bu, ümumi daxili məhsulun 0,12% deməkdir. Kəlbəcər və Zəngilanın qiymətli metal istismarı baxımından Gədəbəy və Daşkəsənin mədən sənayesindən daha böyük potensialı var, amma bu, ərazilərin sahəsi və əhalisi baxımından böyük məbləğ deyil.
İşğaldan azad olunmuş bölgələrin ən böyük potensialı, doğru təşkil edilərsə, turizmlə bağlı olacaq. Tibbi turizm üçün unikal imkanlar var. Tarixi turizm və istirahət turizmi üçün də. Bu bölgələrin turizm gəlirləri Azərbaycanın indiyədək əldə etdiyi turizm qazanclarından çox ola bilər – söhbət ən azı 1,5 milyard dollardan gedir.
Aqrar sektorun potensialı böyükdür. 7 rayonun kənd təsərrüfatına yararlı torpaqlarının ümumi həcmi 535 min hektardır. Ağdam, Füzuli və Cəbrayıl əsasən bitkiçilik üçün əlverişlidir. Bu üç rayonun kənd təsərrüfatına yararlı torpaqlarının ümumi sahəsi 290 min hektardır, bunun təxminən üçdə ikisi əkinə yararlıdır. Yerdə qalanı örüş və biçənək torpaqlarıdır.
Zəngilan və Qubadlının həm əkinçilik, həm də heyvandarlığın inkişafı üçün imkanları var. Bu rayonların kənd təsərrüfatına yararlı torpaqlarının ümumi həcmi 67 min hektardır, bunun təxminən üçdə biri əkinə yararlı, yerdə qalanı örüş və biçənək əraziləridir.
Kəlbəcər və Laçının kənd təsərrüfatına yararlı torpaqlarının ümumi həcmi 180 min hektardır, bunun ən yaxşı halda 15%-i əkinə yararlıdır. Bu rayonların torpaqları əsasən heyvandarlıq üçün əlverişlidir.
7 rayonun bazasında hesablasaq, kənd təsərrüfatına yararlı torpaqların yarısından çoxu heyvandarlıq üçün əlverişlidir. Deməli, digər potensial sahə kimi aqrar sektora əsaslanan emal sənayesinin qurulması perspektivləri var. Azərbaycan kərə yağının 50%-ni, ət və ət məhsullarının 15%-ə qədərini xaricdən alır. Bu asılılıqdan qurtarmaq mümkündür. Əlavə olaraq ət məhsullarının ixrac yönümlü emalı perspektivlərini araşdırmaq mümkündür”.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək istəyi ilə təcavüzə başlayıb. 1991-ci ildə təcavüz şiddətlənərək müharibəyə çevrilib.
1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Azərbaycanın bütün cənub-qərbini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb. Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.