Nazirlər Kabineti xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili üzrə 29 oktyabr 2020-ci il qərarını yeniləyib. Novator.az bildirir ki, təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili dekabrın 30-dək uzadılıb. Noyabrın 2-dən başlayan distant rejim dekabrın 1-də bitməli idi.
Təhsil Nazirliyi Azərbaycanın baş dövlət sanitariya həkiminin və ya Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında ayrı-ayrı inzibati ərazi vahidlərində tədris və təlim-tərbiyə prosesinin əyani formada bərpası və ya dayandırılması qərarı verə bilər. Bu halda tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və özəl təhsil müəssisələrinin təsisçilərinin də analoji qərarlar qəbul etmək hüququ var.
Koronavirus pandemiyası üzündən tətbiq olunan xüsusi karantin rejimi dekabrın 28-dək qüvvədədir. Ölkə üzrə bu qadağalar var:
– yük daşımaları istisna olmaqla ölkə ərazisinə giriş-çıxış;
– ölkənin şəhər və rayonlarından sərnişin daşımaları;
– operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Mingəçevir, Şəki, Lənkəran şəhərlərinin, Ağstafa, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba və Xaçmaz rayonlarının inzibati ərazisinə giriş-çıxış;
– “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qəbulu;
– dəfn mərasimləri istisna olmaqla yas mərasimləri;
– kütləvi tədbirlər (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışları istisnadır);
– tədbirlərin təşkili üzrə xidmətlər, o cümlədən ad günləri, toy, nişan və bu kimi mərasimlər;
– ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi;
– istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti;
– muzey və sərgi zalları istisna olmaqla digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti;
– iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların və ictimai iaşə məkanlarının fəaliyyəti;
– ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə;
– tibb müəssisələrində müalicə alan şəxslərin ziyarəti;
– idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
– masaj və hamam xidmətlərinin göstərilməsi;
– şənbə və bazar günlərində ictimai nəqliyyatın hərəkəti;
– şənbə və bazar günlərində hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti; fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti; səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri; kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı fəaliyyəti; fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti; apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar çıxılmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti; kütləvi informasiya vasitələrinin fəaliyyəti; mühafizə xidmətləri istisna olmaqla digər sahələrdə və istiqamətlərdə fəaliyyət.
Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində həmçinin bu yasaqlar tətbiq olunur:
– nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla iri ticarət mərkəzlərinin fəaliyyəti;
– ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmət, hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq;
– 10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən tədris və repetitor xidmətləri;
– çimərliklərin ərazisində hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyəti;
– Bakı Metropolitenində sərnişindaşıma.
Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində dekabrın 7-dək hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti; digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti (Nazirlər Kabinetində müəyyən edilən say həddi nəzərə alınmaqla); səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri; kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları); yük daşımaları və logistika xidmətləri; fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti; kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı fəaliyyəti; apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar çıxılmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti; kütləvi informasiya vasitələrinin fəaliyyəti; maliyyə təşkilatlarının (bank, sığorta və s.) fəaliyyəti; mühafizə xidmətləri istisna olmaqla digər sahələrdə və istiqamətlərdə fəaliyyət qadağandır.