Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənc fəalı Məhəmməd İmanlının mühakiməsi başa çatır. O, Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ittiham olunur. Bu maddəyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhəmməd İmanlının koronavirus xəstəsi ola-ola evdən çıxdığı bəyan olunub.
Azadliq.org-un məlumatına görə, noyabrın 30-u Sabunçu Rayon Məhkəməsində prokuror Məhəmməd İmanlının 1 il 6 ay azadlıqdan məhrum edilməsi təklifi verib.
Prokurorun çıxışından öncə məhkəmədə Sabunçu Rayon Polis İdarəsinin üç əməkdaşı dindirilib. Onlar bildiriblər ki, iyulun 20-də əməliyyat məlumatı əsasında Məhəmməd İmanlını küçədə saxlayıb polis idarəsinə gətiriblər.
Məhəmməd İmanlı isə deyib ki, iyulun 16-da sahə rəisi ona zəng edib, o da həmin zəng əsasında evin yanında rəislə görüşüb və polisə aparılıb.
Gənc fəalın sözlərinə görə, onu dörd gün Sabunçu Rayon Polis İdarəsinin 13-cü bölməsində saxlayıblar, həmin müddət ərzində Baş Prokurorluğun İstintaq İdarəsinə aparıb Azərbaycan Ordusuna dəstək aksiyası ilə əlaqədar dindiriblər. Fəal əlavə edib ki, iyulun 20-də onu Sabunçu Rayon Polis İdarəsinə aparıb koronavirus yayma ittihamı irəli sürüblər, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçiləndən sonra Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb: “Orada saxlansam da, heç bir müalicə aparılmadı, çünki məndə koronavirus xəstəliyi yox idi. Əvvəldən də olmamışdı”.
Məhəmməd İmanlının vəkili cəbhəçinin iyulun 16-da saxlandığını sübut etmək üçün onun ailə üzvlərinin və qonşularının əlavə şahid qismində dindirilməsi, polislərin ifadələrinin sübutlar siyahısından çıxarılması barədə vəsatətlər qaldırıb. Vəsatətlər təmin olunmayıb.
Vəkil Məhəmməd İmanlı haqqında bəraət hökmü çıxarılmasını istəyib.
Hökm dekabrın 1-də elan olunacaq.
Bu il iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedib, Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, daha 11 hərbi qulluqçu və 1 mülki şəxs şəhid olub.
İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb. Rəsmi məlumata görə, bir neçə polis əməkdaşı bədən xəsarətləri alıb, xidməti avtomobillərə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.
Milli Məclisin birinci mərtəbəsində bir sıra dağıntılar törədildiyi, mülkiyyətə və inventara ziyan dəydiyi də bəyan olunub.
Baş Prokurorluğun İstintaq İdarəsi bu işin istintaqını qəsdən sağlamlığa az ağır zərər vurma; əmlakı qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmək ittihamları üzrə aparıb.
İstintaqı tamamlanan 37 təqsirləndirilən şəxsin 36-sı həbsdə saxlanıb.
Tutulanların 15-i AXCP üzvü olub.
Cəbhəçi Elvin Məmmədov polisin nəzarətindədir.
AXCP fəalı Ruslan Əmirov sonradan cinayət məsuliyyətinə alınıb. O, oktyabrın 10-da polis nəzarətinə verilib.
Noyabrın 16-da Səbail Rayon Məhkəməsi Azərbaycan Ordusuna dəstək aksiyasından sonra cinayət məsuliyyətinə alınmış şəxslərin 21-ni ev dustaqlığına buraxıb. Onların 12-si AXCP üzvüdür.