Noyabrın 28-i saat 15:20-də Azərbaycan vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızı Füzuli rayonunun işğaldan azad olunmuş̧ Aşağı Seyidəhmədli kəndi ərazisində 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobillə hərəkətdə olarkən tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar.
Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, prokurorluq əməkdaşları hadisə yerinə və meyitlərə baxış keçirib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6-ci (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb. İstintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
Baş Prokurorluq hadisəni Ermənistan silahlı qüvvələrinin geri çəkildikcə əraziləri minalayaraq təxribat əməllərinə yol verməsi, yeni üsul və metodlardan istifadə edərək dinc sakinlərə qarşı cinayət əməlləri törətməsi kimi qiymətləndirir.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək istəyi ilə təcavüzə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunub, təcavüz şiddətlənərək müharibəyə çevrilib.
1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və ətraf bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun ümumilikdə 4 qəsəbəsi və 286 kəndi azad olunub.
Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putinin noyabrın 9-da imzaladıqları birgə bəyanatla noyabrın 10-dan hərbi əməliyyatlar dayandırılıb.
Ermənistan noyabrın 15-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonunu, dekabrın 1-dək Laçın rayonunu Azərbaycana qaytarmağa boyun olub.
Noyabrın 15-də Ermənistan Kəlbəcərin təhvil verilməsi üçün daha 10 gün vaxt istəyib, Azərbaycan buna razılaşıb.
Noyabrın 20-də Ağdam rayonu, ayın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.