Rusiyalı müxalif siyasətçi Aleksey Navalnı qısa bir aradan sonra yenidən Putin rejiminə qarşı savaşa qalxıb.
Novator.az “Euronews” kanalına istinadla xəbər verir ki, tanınmış siyasətçi Avropa Birliyinə səslənərək Rusiya milyarderlərinə qarşı fərdi sanksiyalar tətbiq edilməsini istəyib.
Navalnı Rusiyanın əksər iş adamlarının, milyarder biznesmenlərinin Putin rejimi ilə əlbir olduğunu və hakimiyyətlə çirkin sövdələşmələrə getdiyini iddia edib. Navalnı belələrini “Putinin ətrafındakı quldur dəstəsi” adlandırıb.
Bu dəstəyə qarşı sanksiya qərarlarını rusların sevinclə qarşılayacağına əmin olduğunu söyləyən Aleksey Navalnı Avropa parlamentindəki onlayn çıxışı zamanı “Rusiya vətəndaşlarını belə sanksiyaların onlara deyil, məlum təbəqəyə ünvanlandığına inandırmaq mümkün olacaqmı” sualına cavab verərkən deyib: “Hələ ki, onlarla mübarizəyə cəhd edilməyib. Əgər Rusiyanın Əlişir Usmanov, Roman Abramoviç kimi varlılarının ayağı Avropadan kəsilsə, onlar hər yerdən rədd edilsə, Rusiya vətəndaşları bu adamları daha yaxşı tanıyacaq və belə xəbərlər Rusiya şəhərlərində, sadə vətəndaşlar arasında əsl bayram ab-havası yaradacaq”.
1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib, korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaradıcılarındandır.
Dövlət başçısı Vladimir Putinin ən sərt əleyhdarı kimi ad çıxaran Aleksey Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib. Dəfələrlə inzibati həbs cəzası alıb.
Aleksey Navalnı Gələcək Rusiya Partiyasının sədri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir.
2020-ci il avqustun 20-də Navalnı Tomsk şəhərindən paytaxt Moskvaya uçarkən özünü pis hiss edərək huşunu itirib, Omsk şəhərində təcili eniş zərurəti yaranıb, siyasətçi 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, avqustun 22-də Berlinə aparılıb, “Şarite” klinikasında müalicə alıb.
Almaniya hökuməti Aleksey Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyini açıqlayıb. Bu, Almaniya Silahlı Qüvvələrinin toksikoloji laboratoriyasında aparılan analizdə üzə çıxıb. Fransa və İsveçin laboratoriyaları bu versiyanı təsdiqləyib.
Sentyabrın 22-də Navalnı “Şarite” klinikasında müalicəsini başa vurub. Klinikadan buraxılan siyasətçi hazırda Avropada yaşayır, onun Rusiyaya nə vaxt dönəcəyi bəlli deyil.
Mənbə: Euronews.com