“The Diplomat” beynəlxalq onlayn jurnalında “Dağlıq Qarabağ münaqişəsinin Pakistana diplomatik təsiri” adlı məqalə dərc olunub.
Novator.az saytının məlumatına görə, məqalənin müəllifi London Universitetinin araşdırıcısı, Rusiya-İngiltərə diplomatik əlaqələri üzrə mütəxəssis Şahid Hüseyndir.
Məqalədə xatırladılır ki, bu ilin payızında Ermənistanla Azərbaycan arasında 44 günlük müharibə noyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə birgə bəyanatın imzalanması, döyüşlərin dayandırılması, Ermənistanın işğal altında qalan rayonlardan daha bir neçəsini Azərbaycana qaytarmağa razılaşması ilə nəticələndi.
Müəllif yazır ki, bir çox şərhçi Azərbaycanın əldə etdiyi hərbi qələbələrdən söz açanda Türkiyənin dəstəyini vurğulayır: “Amma onu da qeyd etmək lazımdır ki, geniş dəstək digər bir müttəfiqdən – Pakistandan gəlib”.
Məqalədə müharibə dayandırılandan dərhal sonra Pakistanın qardaş Azərbaycanı öz ərazilərini azad etməsi münasibətilə təbrik etməsinə diqqət çəkilir. Bildirilir ki, Pakistan regionda sabitliyə, əmin-amanlığa ümid etdiyini və Azərbaycanın qələbəsinin məcburi köçkünlərin öz yurdlarına qayıtmasına səbəb olacağına inandığını bəyan edib: “Bu açıq-aşkar Azərbaycana dəstək bəyanatıdır. Pakistan bir neçə dəfə BMT-də və digər beynəlxalq qurumların toplantılarında Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyib. Azərbaycana verilən dəstək təəccüblü olmasa da, bunun İslamabad üçün diplomatik baxımdan ciddi mənfi təsirləri də ola bilərdi”.
Şahid Hüseyn yazır ki, ermənilərin çoxu Türkiyənin münaqişədə təhlükəli rol alacağını düşünərək, köhnə dostları Rusiyanın erməni döyüşçülərinə hərbi yardım göstərəcəyinə inanırdı. Müəllif qeyd edir ki, Rusiyanın bunu etməməsi bölgədəki mürəkkəb diplomatik münasibətlərdən xəbər verir: “Son zamanlar Moskva və İslamabad arasında artan əlaqələr də bunu şərtləndirən amillər sırasındadır. Pakistan Rusiya ilə birlikdə bir neçə hərbi təlim keçirib, hətta Rusiyanın təşkil etdiyi müharibələrdə iştirak edib. Pakistan Rusiya üçün vacib ortaq sayıla bilər, çünki bu iki ölkə, məsələn, Əfqanıstan kimi mübahisəli regionlarda aktiv rol oynayır. Pakistanın son bəyanatında Rusiyanın Qarabağda döyüşlərin dayandırılmasında mühüm rolunu qəbul etməsi, Moskvanın İslamabad və bölgə üçün əhəmiyyətini göstərir.
Həm də Rusiya istəyirdi ki, Cənubi Asiya müttəfiqini heç vaxt narahat etməsin. Azərbaycan və Ermənistan arasında balansı qoruyub saxlayan İran isə bir neçə dəfə Bakıya dəstək bəyanatı yaydı və İranın ali lideri Əli Xameneyi öz açıqlamasında Azərbaycanın işğal olunmuş əraziləri azad etməyə haqqı çatdığını bildirdi. Rusiyanın Ermənistanı dəstəkləməsi güclü müttəfiqi İranla münasibətləri pozacaqdı və Pakistanla münasibəti qeyri-stabil vəziyyətə gətirəcəkdi. Ona görə Rusiya prezidenti Vladimir Putin bu münaqişədə neytral qalırdı.
İsrailin də Bakıya dəstəyini qeyd etmək vacibdir. Tel-Əviv və İslamabad Azərbaycana göstərdiyi ortaq dəstəklə öz aralarındakı münasibətləri də yeniləyə bilərlər. Sonuncu Qarabağ münaqişəsində İsrail istehsalı olan “Harop” dronlarının Ermənistan qüvvələrini darmadağın etdiyi haqda məlumatlar var. İsrailin Azərbaycana dəstəyi İsrail səfirinin erməni bombardmanının qurbanı olmuş mülki insanlarla bağlı başsağlığı vermək üçün Gəncə şəhərinə səfər etməsindən sonra daha da artdı”.
Məqalədə deyilir ki, bundan sonra Pakistanın baş naziri İmran Xan İsraillə daha sıx diplomatik münasibətlər quracaq: “Pakistanın və İsrailin Azərbaycana ortaq dəstəyi, həmçinin İsrailin Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri kimi müsəlman ərəb dövlətləri ilə sülh müqavilələri bundan xəbər verir. Qafqazda hər iki ölkənin eyni müttəfiqi dəstəkləməsi faktı İsraillə Pakistanın bir-birinə daha yaxın olacağı deməkdir.
Cənubi Qafqazda yenidən sülh qurulub və Pakistan bundan çox faydalana bilər. Azərbaycanla münasibətini gücləndirməklə yanaşı, Pakistan Rusiya ilə əlaqələrini sıxlaşdıra və İsraillə bir az da yaxınlaşa bilər. Dağlıq Qarabağ Pakistan sərhədlərindən 2 min kilometr uzaqda olsa da, bu münaqişənin Pakistan diplomatiyasına təsiri uzunömürlü olacaq”.
Mənbə: Thediplomat.com