Noyabrın 25-də televiziya ilə xalqa müraciət edən prezident İlham Əliyev 1992-1993-cü illərdə ölkə torpaqlarının işğal altına düşməsində Azərbaycan Xalq Cəbhəsini günahlandırıb: “Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, dövlət çevrilişi etməsəydilər, bəlkə də torpaqlarımız işğal altına düşməyə bilərdi. Torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyır. Çünki 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmışdı. Azərbaycanda daxili çəkişmələr baş alıb gedirdi, xaos, böhran yaranmışdı, siyasi böhran yaranmışdı və hakimiyyət uğrunda mübarizə çox ciddi fəsadlara gətirib çıxarmışdı. Ermənistan isə bundan istifadə edərək torpaqlarımızı zəbt etməyə davam edirdi. Şuşa və Laçının işğal altına düşməsindən sonra vəziyyət kritik həddə çatdı. Bundan istifadə edən Azərbaycan Xalq Cəbhəsi dövlət çevrilişi edərək hakimiyyətə gəldi”.
Müsavat başqanı Arif Hacılı özünün “Facebook” səhifəsində prezidentə cavab verib.
1988-ci ildə başlayan milli azadlıq hərəkatının öncül şəxslərindən olan Arif Hacılı 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinə sədrlik edib.
1990-1995-ci illərdə parlamentin deputatı olub. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri postunu tutub.
1992-ci ildən Müsavatın katibi, 2001-ci ildən başqan müavini olub. 2003-2005 və 2011-2012-ci illərdə həbsdə yatıb. 2014 və 2019-cu illərdə Müsavat başqanı seçilib.
Novator.az-ın məlumatına görə, Arif Hacılı yazır ki, cəbhəçilər Kreml kabinetlərində müsabiqədən keçib, təlimat alıb sonra Azərbaycanda yüksək vəzifələrə təyin edilən kommunist məmurlar olmayıblar: “Ola bilməzdik, o müsabiqədən keçməzdik, o təlimatları qəbul etməzdik, o öhdəlikləri götürməzdik. Biz dövlət vəzifələrinə gəlməzdən əvvəl 100 minlərlə üzvü olan AXC-yə, milyonlarla üzvü olan Azərbaycan xalq hərəkatına rəhbərlik etmişik.
Bu vəzifələri seçki yolu ilə tutmuşuq. Xalqın səsi ilə millət vəkili seçilmişik. Azərbaycanın istiqlalına nail olmuşuq. Qarabağ uğrunda yalnız TV çıxışları ilə yox, həm də səngərlərdə vuruşurduq.
Bəli, 1992-ci ilin aprel-may aylarında Azərbaycanda hakimiyyət davası pik həddə çatmışdı. Amma bu mübarizəni biz aparmırdıq. Aprel ayından AXC Ali Məclisinin qərarı ilə bütün kütləvi aksiyaları, sonra isə prezident seçkisi kampaniyasını dayandırdıq.
Daha əvvəl parlamentdə olan deputat qrupumuz daxili siyasi mübarizəni dayandırmaq üçün prezident seçkisinin keçirilməməsini təkidlə təklif etmişdi. Bu barədə sədri olduğum AXC Ali Məclisinin qərarı var idi.
Biz daxili siyasi mübarizəni dayandırmaq üçün əvvəl Ayaz Mütəllibovun, sonra Yaqub Məmmədovun rəhbərliyi altında bütün qüvvələrin birləşməsinə razı idik, bunu təklif etmişdik.
Fevral ayında parlamentin akt zalında Mütəllibovun da iştirakı ilə bu məsələlərə həsr edilmiş böyük bir toplantının keçirilməsinə nail olduq. Ancaq siyasi opponentlərimiz daxili siyasi mübarizəni dayandırmaq təkliflərimizi ambisiyalarına və Moskvadan aldıqları təlimatlara görə qəbul etmədilər. Bütün bu məsələlər o dövrün mətbuatında dərc olunub.
Biz Şuşanın, digər ərazilərimizin işğalının qarşısının alınması üçün səngərlərdə vuruşurduq. AXC batalyonlarının ərazilərimizi müdafiə edən demək olar ki, yeganə qüvvələr olduğu, AXC Ali Məclisinin üzvü, Milli Qəhrəman Ramiz Qəmbərov və yüzlərlə AXC üzvünün Şuşanın, Laçının müdafiəsi yolunda şəhid olduğu günlərdə Bakının küçə və meydanlarında Hacı Əbdülün dəstəsinin və “Qardaşlıq” cəmiyyətinin üzvləri Ayaz Mütəllibovu dövlət çevrilişi yolu ilə yenidən hakimiyyətə gətirmək, Heydər Əliyev tərəfdarları isə prezidentliyə namizədlik üçün qoyulmuş yuxarı yaş həddinin ləğv edilib onun hakimiyyətə gətirilməsi tələbi ilə fasiləsiz aksiyalar keçirirdilər. Bu aksiyalar Şuşanın işğal edildiyi günlərdə də dayandırılmamışdı.
İlham Əliyevin bu həqiqətlərdən xəbərsiz ola bilər. Çünki sonrakı illərdə atası onu mühüm dövlət vəzifəsinə təyin etməzdən əvvəl Azərbaycanın ictimai-siyasi həyatında hər hansı iştirakı olmayıb. Bu məsələlər də o dövrün mətbuatda dərc olunub və bu qəzetlər kitabxana və rəsmi arxivlərdən başqa şəxsi arxivlərdə qalır. Mənim haqlı olduğumu müəyyənləşdirmək çox asandır. Bu mənbələri açıb baxmaq kifayətdir.
Bu ölkəni bir tərəfdə dahi dövlət xadimləri, digər tərəfdə isə vətən xainləri kimi iki yerə bölmək cəhdi cəmiyyətə xeyli ziyan vursa da, əvvəlki illərdə olduğu kimi yenə iflasa uğrayacaq. Çünki tarixi təhrif etmək olar, amma dəyişdirmək olmaz”.
Azərbaycan Xalq Cəbhəsi 1989-cu il iyulun 16-sı Bakıda təsis olunub. Qurucu konfransda Əbülfəz Elçibəy AXC sədri seçilib.
AXC 1992-1993-cü illərdə hakimiyyətdə olub. 1992-ci il mayın 18-dən prezident səlahiyyətlərini həmin gündən parlament sədri olan İsa Qəmbər icra edib. İyunun 7-də Əbülfəz Elçibəy prezident seçilib, ayın 17-də vəzifəsinin icrasına başlayıb.
1993-cü ilin iyununda AXC hakimiyyəti hərbi-siyasi qiyamla devrilib, ayın 24-də Əbülfəz Elçibəy Milli Məclisin qərarı ilə vəzifədən uzaqlaşdırılıb.