Noyabrın 25-də prezident İlham Əliyev xalqa müraciət edib. Kəlbəcər rayonunun işğaldan azad olunduğunu bəyan edən dövlət başçısı təbriklərini çatdırıb. O deyib ki, Kəlbəcər Azərbaycanın qədim torpağıdır: “Qədim Azərbaycan torpağıdır. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər. Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqoryan kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır. Qafqaz Albaniyası böyük dövlət olub. Onun paytaxtı Qəbələ şəhəri olub. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri qoruyuruq”.
Prezident Kəlbəcərin bərpa ediləcəyini vurğulayıb: “Heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə və həyat qayıdacaq.
Kəlbəcərdə mənfur düşmən qanunsuz məskunlaşma aparıb. Həm Ermənistan ərazisindən qanunsuz yollarla orada insanlar məskunlaşıb, həm də xarici ölkələrdən. Bu isə hərbi cinayətdir və Cenevrə konvensiyasına görə hərbi cinayət sayılır. Biz düşməni məsuliyyətə cəlb edəcəyik, cavab verəcək, bütün hərbi cinayətlərə görə, bütün dağıntılara görə. Mən Ağdam şəhərində olarkən bir salamat bina tapmadım, Füzulidə də həmçinin, Cəbrayılda da həmçinin. Hər tərəfi dağıdıblar, elə bil ki, vəhşi qəbilə keçib oradan.
Biz isə qurub-yaradanıq. Biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik. Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var. Artıq bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlayır. Şuşaya yeni yolun çəkilişi artıq başlanıb. Sovet vaxtında Şuşaya getmək üçün bir yol var idi – Ağdamdan Xankəndiyə, oradan da Şuşaya. İndi biz Füzuli rayonundan yeni yol çəkirik. Bu yol Xocavənd rayonunun bir hissəsindən keçəcək. Göstəriş vermişəm ki, bu, tezliklə təmin edilsin. Halbuki bu, böyük işdir, orada yol olmayıb və meşələrin içi ilə yol salınır, dərələr, təpələr, çox ağır relyef var orada. Amma biz bunu edəcəyik. Dəmir yollarını bərpa edəcəyik. O cümlədən Naxçıvan Muxtar Respublikasına gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilib. Bərdə-Ağdam dəmir yolunun bərpası ilə əlaqədar artıq praktiki addımlar atılıb. Ağdam rayonunun bərpası və gələcəkdə orada yaşayacaq insanların rahatlığı üçün bu yol mütləq olmalıdır. Yəni bütün bu işlər planlı şəkildə aparılacaq və Azərbaycan vətəndaşları görüləcək işlərlə bağlı müntəzəm olaraq məlumatlandırılacaq”.
Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. 1993-cü il aprelin 2-dən işğalda olan Kəlbəcər Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin 9 noyabr bəyanatı əsasında boşaldılıb.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək istəyi ilə təcavüzə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunub, təcavüz şiddətlənərək müharibəyə çevrilib.
1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və ətraf bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun ümumilikdə 4 qəsəbəsi və 286 kəndi azad olunub.
Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putinin noyabrın 9-da imzaladıqları birgə bəyanatla noyabrın 10-dan hərbi əməliyyatlar dayandırılıb.
Ermənistan noyabrın 15-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonunu, dekabrın 1-dək Laçın rayonunu Azərbaycana qaytarmağa boyun olub.
Noyabrın 15-də Ermənistan Kəlbəcərin təhvil verilməsi üçün daha 10 gün vaxt istəyib, Azərbaycan buna razılaşıb.
Noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarılıb.