Fransa parlamentinin yuxarı palatası – Senat Dağlıq Qarabağ qətnaməsi qəbul edib. Noyabrın 25-də səsvermədən keçən qətnamədə Fransa hökumətinə Dağlıq Qarabağ rejimini müstəqil dövlət kimi tanımaq çağırışı yer alır. Armeniasputnik.am xəbər verir ki, qətnaməni 305 nəfər dəstəkləyib, 1 nəfər sənədin əleyhinə çıxıb.
Novator.az-ın arayışı:
1923-cü il iyulun 7-də Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb.
1988-ci il fevralın 13-dən vilayətdə bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb. Həmin vaxt vilayət Əsgəran, Hadrut, Mardakert, Martuni, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət olub.
1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb.
Həmin il noyabrın 26-da Azərbaycan parlamenti Dağlıq Qarabağ Muxtar Vilayətini milli ərazi qurumu kimi ləğv edib.
Şuşa rayonu əvvəlki statusunda qalıb, Stepanakert şəhəri Xankəndi şəhəri, Mardakert rayonu Ağdərə rayonu, Martuni rayonu Xocavənd rayonu adlandırılıb.
Xocalı rayonu yaradılıb, Əsgəran rayonu onun tərkibinə, Hadrut rayonu Xocavənd rayonunun tərkibinə verilib.
Azərbaycan parlamentinin 13 oktyabr 1992-ci il qərarı ilə Ağdərə rayonu ləğv edilərək Kəlbəcər, Tərtər, Ağdam rayonları arasında bölüşdürülüb.
1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Xankəndi şəhəri, Şuşa, Xocalı rayonları tam, Xocavənd rayonu, keçmiş Ağdərə rayonu qismən və onun ətrafındakı Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları tam, Ağdam, Füzuli, Cəbrayıl rayonları qismən ermənilərin əlinə keçib.
Dağlıq Qarabağdakı işğalçı rejim özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandırır.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupu məşğul olur. Bu quruma ABŞ, Fransa, Rusiya (həmsədrlər), Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.
Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putinin noyabrın 9-da imzaladıqları birgə bəyanatla noyabrın 10-dan hərbi əməliyyatlar dayandırılıb.
Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu təhvil verib. Dekabrın 1-dək Laçın rayonu Azərbaycana qaytarılacaq.
Xankəndi şəhəri, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi Dağlıq Qarabağ rejiminin nəzarətində qalır.