Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi ilə bağlı məlumat yayıb. Açıqlamaya görə, avtomobil yolunun uzunluğu 101,5 kilometr nəzərdə tutulur, əsas hissəsi 4 hərəkət zolağından ibarət olacaq.
Yol Füzuli rayonunun Əhmədbəyli kəndindən başlamaqla Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazisindən keçərək Şuşa şəhəri də daxil olmaqla rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.
Hazırda layihə boyu torpaq işləri görülür.
Şuşa şəhərinə yeni yol prezident İlham Əliyevin sərəncamı ilə çəkilir. Dövlət başçısının 17 noyabr sərəncamı ilə yolun layihələndirilməsi və tikintisi üçün 2020-ci ilin dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılıb.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək istəyi ilə təcavüzə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunub, təcavüz şiddətlənərək müharibəyə çevrilib.
1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və ətraf bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.
Noyabrın 10-dan hərbi əməliyyatlar dayandırılıb.
Ermənistan noyabrın 20-də Ağdam rayonunu Azərbaycana qaytarıb. Noyabrın 25-dək Kəlbəcər rayonu, dekabrın 1-dək Laçın rayonu təhvil verilməlidir.