Noyabrın 24-də Azərbaycan nefti “AzəriLayt”ın barreli 46,28 dollara satılır. Xəbəri Energetika Nazirliyi yayıb.
“AzəriLayt”ın barreli yanvara 70,04, fevrala 62,15, marta 53,77, aprelə 19,43, maya 22,92, iyuna 38,14, iyula 43,02, avqusta 44,36, sentyabra 45,92, oktyabra 40,92, noyabra 37,75 dollarla başlayıb.
2020-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 55 dollardan götürülüb, avqust ayında 35 dollara salınıb.
Energetika Nazirliyi gündəlik xam neft hasilatını yanvarda 678 min barrel, fevralda 667,4 min barrel, martda 683,7 min barrel, apreldə 679,8 min barrel, mayda 557,2 min barrel, iyunda 553,8 min barrel, iyulda 554,1 min barrel, avqustda 584,6 min barrel, sentyabrda 585 min barrel, oktyabrda 587 min barrel göstərib.
Bu il neft koronavirus pandemiyası fonunda kəskin ucuzlaşıb. Aprelin 12-də iri neft ixracatçıları – OPEK ölkələri (Anqola, Birləşmiş Ərəb Əmirlikləri, Ekvador, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Qabon, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela) və 10 qeyri-OPEK ölkəsi (Azərbaycan, Bəhreyn, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan) gündəlik hasilatı mərhələlərlə azaltmaq razılığına gəliblər. Həmin razılaşmaya əsasən, Azərbaycan 2021-ci ilədək gündəlik xam neft hasilatını 587 min barrel həcmində saxlamalıdır.