Noyabrın 22-də Belarusda paytaxt Minskdə və digər şəhərlərdə müxtəlif formalarda etiraz aksiyaları keçirilib.
Novator.az saytı “Solidarnost” qəzetinə istinadla bildirir ki, Minskdə etirazçılar böyük və kiçik qruplar şəklində öz mikrorayonlarında toplaşıblar. Bəzi qruplarda 100 nəfər, bəzilərində 1000-dən çox insan olub.
Etiraz nöqtələri çox olduğu üçün hüquq mühafizə orqanları onların hamısını dağıtmağa macal tapmayıb. Amma bəzi yerlərdə kütləvi həbslər olub, aksiyaçılara qarşı zorakılıqlar törədilib, hətta atəş səsləri eşidilib.
Etirazçıların əsas tələbi budur: prezident Aleksandr Lukaşenko istefa versin, ölkədə növbədənkənar prezident seçkisi təyin edilsin.
“Vesna” Mərkəzində çalışan hüquq müdafiəçiləri 22 noyabr aksiyalarında Minskdə 300 nəfərin saxlandığını bildiriblər.
Belarusun digər şəhərlərində, vilayət mərkəzlərində keçirilən etiraz aksiyalarında da yüzlərlə insanın tutulduğu vurğulanır.
Ölkənin Daxili İşlər Nazirliyi Minskdə aksiyaları dağıtmaq üçün xüsusi vasitələrdən istifadə olunduğunu təsdiqləyib.
Mənbə: Gazetaby.com