Almaniyada fəaliyyət göstərən türk alim Uğur Şahinin başçılıq etdiyi “BioNTech” şirkətinin ABŞ-dakı “Pfizer” şirkəti ilə birlikdə hazırladığı vaksin dünyada koronavirusa qarşı ən yaxşı iki potensial vaksindən biri sayılır (digəri ABŞ-ın “Moderna” şirkətinin hazırladığı vaksindir). Avropanın “Euronews” kanalı Uğur Şahinin “Associated Press” agentliyinə müsahibəsinə istinadla reportaj yayıb. Novator.az saytı reportajın mətnini ingiliscədən tərcümə edib. Materialı oxucuların diqqətinə çatdırırıq.
“İl başa çatmamış koronavirusa qarşı vaksini Avropa Birliyində yaya bilərik”. Bu sözləri ABŞ-ın nəhəng əczaçılıq şirkəti olan “Pfizer”lə birlikdə vaksin hazırlamış alman şirkəti “BioNTech”in direktoru Uğur Şahin söyləyib.
“Associated Press” agentliyinə müsahibəsində Uğur Şahin deyib ki, onların hazırladığı vaksinin 2021-ci ilədək ABŞ-da və Avropa Birliyində, ya da bunların ikisindən birində istifadəsinə icazə verilə bilər: “Hazırladığımız vaksinin bu ilin sonunadək ABŞ-da və Avropada yayılması üçün səlahiyyəti almaq şansımız var”.
Uğur Şahin bildirib ki, icazə üçün ABŞ Dərman Agentliyinə (FDA) sorğu göndərilib: “Dekabr ayında vaksinləri paylaşdıra bilərik”.
“Pfizer”in açıqlamasında bildirilir ki, yeni test nəticələri onların hazırladıqları vaksinin 95 faiz effektli, təhlükəsiz olduğunu, eləcə də yaşlı adamları ölüm riskindən qoruduğunu təsdiqləyib. Son rəqəmlər göstərib ki, xəstəlik bütün dünyada kəskin surətdə artığına görə inyeksiya ehtiyaları da tükənir və ehtiyat tədbirlərə ehtiyac var.
“Pfizer” və “BioNTech” vəd etdikləri ilkin nəticələri üzə çıxardıqdan bir həftə sonra rəsmi açıqlama veriblər və dərhal Avropa Birliyi ölkələrinə, Böyük Britaniyaya və Kanadaya müraciət ünvanlayıblar.
“Pfizer” və “BioNTech” başlanğıcda vaksinin 90 faiz effektli olduğunu təxmin etmişdilər. İndi bu rəqəm 95 faizə yüksəlib. Şirkətlər yeni açıqlamada daha uğurlu nəticələrdən bəhs ediblər. Doktor Uğur Şahin “Associated Press”ə müsahibəsində vurğulayıb ki, yeni nəticələr onların hazırladığı vaksinin həddindən artıq güclü müdafiə qabiliyyətli olduğunu göstərib.
Dünyada vaksin hazırlamaq üzrə aparıcı rolu “Pfizer”lə “BioNTech” şirkətləri və ABŞ-ın “Moderna” əczaçılıq firması öz üzərlərinə götürüb. Bir həftə qabaq “Moderna” elan edib ki, onların vaksininin 94.5 faiz effektli olduğu sübut olunub və Avropa Birliyi firma ilə apardığı danışıqlarda 160 milyon dozanın sifariş edilməsi barədə razılığa gəlib.
Doktor Şahin onu da qeyd edib ki, “Pfizer”-“BioNTech” vaksinini əldə etmək istəyən 30-dan artıq ölkə ilə danışıqlar aparılır.
“BioNTech” vaksinin bütün dünyada yayılması və kasıb ölkələrin də faydalanması üçün satış qiymətinin aşağı salınması barədə Dünya Səhiyyə Təşkilatı və Bill və Melinda Qeyts Fondu kimi təşkilatlarla danışıqlar aparır.
Avropa Birliyi və bir çox ölkələr koronavirus vaksininin bütün dünyada ədalətli şəkildə əlçatan olması üçün çalışan mexanizmi – Dünya Səhiyyə Təşkilatının COVAX mexanizmini dəstəkləyirlər.
Qeyd edək ki, 55 yaşlı doktor Uğur Şahin Türkiyənin İskəndərun şəhərində doğulub. 4 yaşında olanda ailəsi Almaniyanın Köln şəhərinə köçüb. Köln Universitetində tibb təhsili alan Uğur Şahin 1993-cü ildə bədxassəli şiş hüceyrələrinin immunoterapiyası üzrə apardığı tədqiqatla doktorluq dərəcəsinə yiyələnib.
Onun həyat yoldaşı Özləm Türəci də həkimdir, İstanbuldan Almaniyaya mühacirət etmiş türk həkiminin qızıdır. Özləm Türəci Almaniyada doğulub, 53 yaşı var. Doktor Türəci “BioNTech” şirkətinin baş həkimidir.
2001-ci ildə doktor Şahin və doktor Türəci “Ganymed Pharmaceuticals” adlı şirkət yaradıblar. Burada onlar monoklonal anticisimlərdən istifadə yolu ilə xərcəngin müalicəsi üçün dərman istehsal ediblər. Bu şirkətlə yanaşı, xərçəngin müalicəsində daha geniş spektrli texnologiyadan, o cümlədən mRNT texnologiyasından istifadə etmək məqsədilə bir neçə il sonra cütlük “BioNTech”in əsasını qoyub. Doktor Şahin deyir ki, onlar böyük Avropa əczaçılıq şirkəti qurmaq niyyətindədirlər.
Hazırda 1800-dən çox işçisi olan “BioNTech” şirkətinin Berlində və Almaniyanın digər şəhərlərində, eləcə də ABŞ-da ofisləri var. Şirkət “Pfizer”lə əməkdaşlığa 2018-ci ildən başlayıb.
Mənbə: Euronews.com