CNN: Alimlər Rusiya peyvəndindən ehtiyat edirlər
- 23 Noyabr 2020
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetŞərh
CNN kanalının internet səhifəsində Rusiyada hazırlanan “Sputnik V” peyvəndi ilə bağlı tənqidi yazı dərc edilib. Yazıda deyilir ki, Rusiya tərəfi koronavirus əleyhinə olan bu vaksinin 92% effekt verdiyini iddia etsə də, alimlər buna şübhəylə yanaşır və hələ ehtiyatlı olmağa çağırırlar. Novator.az saytı yazını ingiliscədən çevirərək oxuculara təqdim edir.
Rusiyanın Suveren Sərvət Fondunun açıqlamasına görə, bu ölkədə koronavirusa qarşı hazırlanan “Sputnik V” peyvəndi 92% effekt verir. Ancaq bəzi elm adamları məlumatların doğru olmadığını söyləyir və hamını diqqətli olmağa çağırırlar.
“Sputnik V”nin aralıq təhlili peyvənd istehsalını maliyyələşdirən və onu qlobal satışa çıxaran Rusiya Birbaşa İnvestisiya Fondunun yaydığı məlumatdan sonra üzə çıxıb. Məlumata görə, tədqiqatçılar 3-cü mərhələ sınaqları zamanı peyvənd və ya plasebo qəbul edən şəxslər arasında 20 nəfərin koronavirusa yoluxduğunu aşkar ediblər.
Rusiya Birbaşa İnvestisiya Fondunun məlumatına görə, 3-cü sınaq mərhələsi zamanı gözlənilməz hadisə aşkarlanmayıb. Rusiyanın Qamaleya İnstitutunun hazırladığı peyvəndin vurulduğu insanların bəzilərində inyeksiya yerində qısamüddətli ağrı, qızdırma, halsızlıq, yorğunluq, başağrısı, soyuqdəymə simptomları olub.
Birbaşa İnvestisiya Fondunun açıqlamasında Rusiyanın 3-cü sınaq mərhələsinin daha 6 ay davam edəcəyi və bununla bağlı məlumatların beynəlxalq tibb jurnalında dərc olunacağı vurğulanır.
3-cü sınaq mərhələsindən savayı, sentyabr ayında peyvənd ilk olaraq Rusiya xəstəxanalarının “qırmızı zonalar”ında olan bir qrup könüllü üzərində tətbiq edilib. Birbaşa İnvestisiya Fondunun məlumatına görə, həkimlərin və digər yüksək risk qruplarına aid olan 10 min nəfər peyvəndlənmiş könüllünün üzərində aparılan müşahidə “Sputnik V”nin təsir gücünün 90%-dan çox olduğunu təsdiqləyir.
Ancaq Baylor Tibb Kollecinin infeksion xəstəliklər üzrə mütəxəssisi, eyni zamanda yeni koronavirus peyvəndi üzərində işləyən doktor Peter Hotez CNN-ə açıqlamasında bildirib ki, 20 nəfərin koronavirusa yoluxması “Sputnik V” peyvəndinin effektivliyinə şübhə ilə yanaşmaq üçün yetərlidir: “Yalnız 20 yoluxma hadisəsinə görə vaksinin insanları 92% qorumaq gücündə olduğunu demək intuitiv olaraq mümkün deyil. Amma biz bu məlumatları görməliyik. EMA, Avropa Dərman Agentliyi kimi təcrübəli tənzimləyici orqanlar bu məlumatları görməli və onları nəzərdən keçirməlidir. Yalnız onlar vaksinin 92%-lik effektini müəyyən etmək üçün bu məlumatların yetərli olub-olmadığını deyə bilərlər”.
Rusiyanın Birbaşa İnvestisiya Fondunun açıqlaması “Pfizer” və “BioNTech” əczaşılıq şirkətlərinin son günlərdə “Covid-19” peyvəndinin 90%-lik təsiri ilə bağlı ilkin bəyanatından sonra səslənib.
“Pfizer” və “BioNTech”in ilkin analizi zamanı sınaq iştirakçıları arasında 90-dan çox təsdiqlənmiş koronavirus yoluxması qeydə alınıb. “Pfizer”in təqdim etdiyi məlumatda 3-cü sınaq mərhələsində 43 min 530 könüllünün iştirak etdyi və onlardan 38 min 955-nin ikinci dozanı aldığı bildirilib.
İki peyvənd bir-birindən fərqlənir: “Pfizer”in vaksini əvvəllər heç vaxt təsdiqlənməmiş peyvənd texnologiyasına – RNT messencer platformasına, Rusiya Birbaşa İnvestisiya Fondunun peyvəndi isə təsirsiz hala gətirilən adenoviral vektora əsaslanır.
Alimlər adenoviral peyvəndlərin üstünlüyünü onun çox aşağı temperaturda saxlanmasına və daşınmasına ehtiyac olmaması ilə izah edirlər.
Ancaq Hotez xəbərdarlıq edir ki, peyvəndin necə görunməsindən asılı olmayaraq, dərman istehsalçılarının effektivlik iddiaları irəli sürmələri özləri üçün risklidir: “Hesab edirəm ki, heç bir açıqlama verilməməli idi. Biz belə etmirik. Bunun yolu sənədləri tənzimləyici orqanlara verməkdir. Tənzimləyici orqanlar ya icazə verir, ya sanksiya qoyur, ya da təsdiqləyir. Sonra siz prosesi davam etdirirsiniz və həmin məlumatları klinik sınaq məlumatları ilə birgə ictimaiyyətə açıqlaya bilərsiniz”.
London Gigiyena və Tropik Tibb Məktəbində Avropanın ictimai sağlamlığı üzrə professor Martin Makki CNN-ə açıqlamasında bildirib ki, “Pfizer” əvvəlcə yalnız 32 pozitiv yoluxma üzrə ilkin analiz planlaşdırırdı, lakin ABŞ-ın Qida və Dərman Administrasiyası (FDA) sonra bunun kifayət olmadığını bildirib.
Martin Makki 20 pozitiv yoluxmanın “Sputnik V”nin analizi üçün zəif rəqəm olduğunu söyləyir, amma yenə də Rusiyanın verdiyi bu açıqlamanı “ehtiyatlı nikbinlik” kimi qəbul edir. Professorun sözlərinə görə, hər şey bu sınaqlarda iştirakçı sayından və sınaqların keçirildiyi yerlərdə infeksiyanın yayılma dərəcəsindən aslıdır.
Rusiya Birbaşa İnvestisiya Fondunun məlumatına görə, 3-cü sınaq mərhələsi çərçivəsində 20 mindən çox insan “Sputnik V” peyvəndinin ilk dozasını, 16 min iştirakçı isə ikinci dozasını qəbul edib: “Düşünürəm ki, Birbaşa İnvestisiya Fondu yoxlamadan keçəcəyini bilir. Fond mətbuata açıqlamasında araşdırma nəticələrinin aparıcı beynəlxalq jurnallarda dərc olunacağını bildirib. Buna məcburdur, çünki həmin jurnallar düzgün və qeyri-ciddi məlumatları qəbul etməyəcək. Bunu yaxşı bilirlər və ona görə də səhv etməməlidirlər”.
Birbaşa İnvestisiya Fondundan CNN-ə bildirilib ki, Rusiya “Sputnik V” üçün klinik sınaq protokolunu tezliklə yayımlayacaq və növbəti aralıq təhlil 39 koronavirus yoluxması ilə bağlı olacaq.
Rusiya dünyada ilk koronavirus peyvəndini avqust ayında, 3-cü sınaq mərhələsi bitməmişdən əvvəl ictimaiyyətə elan edəndə elm çevrəsində tənqidlərə məruz qalmışdı.
“Sputnik V”nin ilk testlərinin nəticələri sentyabr ayında “Lancet” jurnalında yayımlanmışdı. İlk iki sınaqda yalnız 76 nəfər iştirak edib. Bu, Rusiya peyvəndinin təhlükəsiz və təsirli olub-olmadığını müəyyənləşdirmək üçün çox azdır. Amma ekspert qiymətləndirməsindən keçmiş hesabatda yalnız yüngül mənfi fəsadların olduğu və sınaq iştirakçılarında immunitet yarandığı qeyd olunub.
Edinburq Universitetinin immunologiya və yoluxucu xəstəliklər üzrə professoru Eleanor Riley bütün peyvənd istehsalçılarını keyfiyyəti və təhlükəsizliyi sürətdən üstün tutmağa çağırır. O, İngiltərənin Elm Media Mərkəzinə verdiyi açıqlamada Rusiya Birbaşa İnvestisiya Fondunun elan etdiyi “Sputnik V”nin aralıq analizinin ürəkaçan olduğunu bildirib. Amma Eleanor Riley bu elanın “Pfizer” və “BioNtech” şirkətlərinin açıqlamasından dərhal sonra, tələsik verilməsindən narahat olduğunu qeyd edib: “Bu məsələ rəqabətə çevrilməməlidir. Bizə sınaqların mümkün qədər ən yüksək standartlara uyğun şəkildə həyata keçirilməsi lazımdır və məlumatların düzgün olması üçün əvvəlcədən təyin olunmuş meyarlara riayət etmək vacibdir. Bundan aşağısı ictimaiyyətin peyvəndlərə qarşı etimadının itirilməsi riskini yaradır. Bu isə fəlakət ola bilər”.
Mənbə: CNN.com