Azərbaycan Ordusunun Qarabağdakı son hərbi əməliyyatlarda azad etdiyi ərazilərdən biri də Daşaltı kəndidir. Qurtuluş barədə rəsmi məlumatda Daşaltı Xocalı rayonunun kəndi kimi göstərilib. Novator.az bildirir ki, əslində Daşaltı Şuşa rayonunun kəndidir.
Şuşa şəhərinin işğaldan azad edildiyi noyabrın 8-də bəyan olunub. Daşaltının azad olunduğu noyabrın 9-da açıqlanıb.
Şuşa rayonunun daha 36 kəndi var: Göytala, Xanalı, Həsənabad, İmamqulular, Xəlfəli, Armudlu, Dükanlar, Qarabulaq, Laçınlar, Mirzələr, Şüşülü, Zamanpəyəsi, Böyük Qaladərəsi, Kiçik Qaladərəsi, Qaybalı, Xudaverdilər, Nağılar, Yuxarı Quşçular, Aşağı Quşçular, Malıbəyli, Sarıbaba, Onverst, Səfixanlar, Allahqulular, Həsənqulular, Xanlıqpəyə, Şırlan, Ağbulaq, Cəmillər, Çaykənd, İmanlar, Məmişlər, Paşalar, Turabxan, Zarıslı, Nəbilər. Həmin kəndlər, eləcə də Turşsu qəsəbəsi Azərbaycanın nəzarətində deyil.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək istəyi ilə təcavüzə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunub, təcavüz şiddətlənərək müharibəyə çevrilib.
1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və ətraf bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Şuşa şəhəri ilə yanaşı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun ümumilikdə 4 qəsəbəsi, 286 kəndi azad olunub.
Noyabrın 10-dan hərbi əməliyyatlar dayandırılıb.
Ermənistan noyabrın 20-də Ağdam rayonunu Azərbaycana qaytarıb. Noyabrın 25-dək Kəlbəcər rayonu, dekabrın 1-dək Laçın rayonu təhvil verilməlidir.
Xankəndi şəhəri bütünlüklə, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi işğalda qalır.