ABŞ-ın hazırkı prezidenti Donald Tramp sonuncu prezident seçkisinin nəticəsini hələ qəbul etməsə də, səsvermə nəticələrinin hüquqi cəhətdən təsdiqlənməsi prosesi yekunlaşmasa da, ”Facebook” və “Twitter” sosial şəbəkələrinin rəhbərləri bəyan ediblər ki, Ağ ev sahibinin bu şəbəkələrdəki rəsmi hesabları Cozef Baydenə təhvil veriləcək.
Novator.az bildirir ki, bu haqda xəbər ABŞ-ın “Daily News” qəzetində dərc olunub.
ABŞ-da prezident seçkisi üzrə ümumxalq səsverməsi noyabrın 3-də keçirilib. Əsas rəqabət Respublikaçılar Partiyasının namizədi, hazırkı prezident Donald Trampla Demokratlar Partiyasının namizədi Cozef Bayden arasında gedib.
ABŞ-da prezidenti 538 nəfərlik Seçicilər Kollegiyası seçir. Demokratlar Partiyası Seçicilər Kollegiyasına daha çox nümayəndə qazandığına görə Cozef Bayden qalib elan olunub.
Seçicilər Kollegiyası prezident seçkisi ilə bağlı yekun qərarını dekabrın 14-də verəcək, sonra həmin səsvermənin nəticəsi Konqresin iclasında təsdiqlənəcək.
Yeni seçilmiş prezidentin andiçmə mərasimi 2021-ci il yanvarın 20-də olacaq.
”Facebook” və “Twitter”in rəhbərləri bildiriblər ki, andiçmə mərasimindən dərhal sonra Ağ ev sahibinin bu şəbəkələrdəki rəsmi hesabları Donald Trampdan alınaraq Cozef Baydenin istifadəsinə veriləcək.
Donald Trampın hər iki şəbəkədəki fərdi hesabları isə onun öz ixtiyarında qalacaq. Həmin hesabların on milyonlarla izləyicisi var.
Mənbə: Nydailynews.com