Gürcüstanda parlament seçkisi yekunlaşıb. Novator.az-ın məlumatına görə, noyabrın 21-də keçirilən ikinci turda hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası daha 17 mandat əldə edib.
Seçkinin ilk turu oktyabrın 31-də olub. 150 yerlik parlamentdə 120 mandat partiya siyahıları, 30 mandat dairələr üzrə səsverməyə çıxarılıb. Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası proporsional sistemlə 60, majoritar sistemlə 13 mandat götürüb. Vahid Milli Hərəkat Partiyasının yaratdığı müxalif “Güc birlikdədir” bloku proporsional sistemlə 36 mandata sahib çıxıb, 24 mandat 1 faizlik səs həddini keçən yeddi siyasi qüvvə arasında bölünüb.
Müxalifət mandat bölgüsündə və ikinci turda iştirakdan imtina edib, yeni seçki tələbləri qoyub.
Noyabrın 21-də keçirilən ikinci tur 17 dairəni əhatə edib və bütün mandatlar hakim partiyaya qismət olub.
Yekun nəticələrə əsasən, Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının parlamentdə 90 mandatı var. Hökumət qurmaq üçün 76 mandat kifayətdir.
Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası 2012-ci ildə yaradılıb, həmin il və 2016-cı ildə keçirilmiş parlament seçkilərində çoxluq əldə edərək hökumət qurub.
Partiyaya milyarder Bidzina İvanişvili sədrlik edir. Baş nazir postunu bu partiyanın təmsilçisi Georgi Qaxariya tutur. Dövlət başçısı Salome Zurabişvili 2018-ci ilin prezident seçkisində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının namizədi olub.
Mənbə: Sputnik-georgia.ru