Ermənistan prezidenti noyabrın 20-də baş nazirin təqdimatını nəzərə alaraq general-leytenant Vaqarşak Arutyunyanı müdafiə naziri təyin edib.
Novator.az bildirir ki, Vaqarşak Arutyunyan 1956-cı ildə Gürcüstanda anadan olub. 1978-ci ildə Bakıdakı Xəzər Ali Hərbi Dəniz Məktəbini, 1991-ci ildə Hərbi Dəniz Akademiyasını (Sankt-Peterburq) və SSRİ Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını (Moskva) bitirib.
1978-1990-cı illərdə Rusiyanın Uzaq Şərq bölgəsində xidmət edib.
1991-1992-ci illərdə Ermənistan daxili işlər nazirinin müavini, Müdafiə Komitəsi sədrinin birinci müavini postlarını tutub.
1992-1994-cü illərdə MDB Birləşmiş Hərbi Qüvvələri Baş Komandanlığında qərargah rəisinin müavini, 1994-1999-cu illərdə MDB Müdafiə Nazirləri Şurasında Ermənistanın nümayəndəsi, 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olub. Son təyinata qədər baş nazirin böyük müşaviri idi.
Əvvəlki müdafiə naziri David Tonoyan noyabrın 20-də istefa verib.
David Tonoyan 1967-ci ildə Qazaxıstanda doğulub. Yerevan Dövlət Universitetini, Moskva Hərbi Diplomatik Akademiyasını bitirib. Ermənistanın daxili işlər orqanlarında, Hərbi Polisdə, Müdafiə Nazirliyində xidmət edib. Ölkənin Silahlı Qüvvələrinin NATO-dakı nümayəndəsi, müdafiə nazirinin birinci müavini, fövqəladə hallar naziri olub.
Müdafiə naziri postunu 2018-ci il mayın 11-dən tuturdu.
Noyabrın 20-si Ermənistanda daha iki nazirin təyinatı rəsmiləşib. Fövqəladə hallar naziri postunda Feliks Solakyanı Andranik Piloyan, əmək və sosial məsələlər naziri postunda Zarui Batoyanı Mesrop Arakelyan əvəzləyib.
Mənbə: Armeniasputnik.am