AZƏRTAC prezident İlham Əliyevin xalqa 20 noyabr müraciətinin mətnini yayıb. Dövlət başçısı müraciətində xalqı Ağdam rayonunun işğaldan azad olunması münasibətilə təbrik edərək deyib: “Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmayıb və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi. Bu hüququ beynəlxalq norma və prinsiplər tanıyır. Bu hüququ bizə BMT nizamnaməsi verib. Hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik”.
Prezident Ağdam üçün yeni dövr başladığını vurğulayıb: “Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Mənim Füzuli və Cəbrayıla səfərlərim mətbuatda işıqlandırılıb və hər kəs, bütün dünya gördü ki, hansı vəhşi düşmənlə biz üz-üzə qalmışdıq. Nə Cəbrayılda, nə Füzulidə bir dənə də salamat bina qalmayıb, yalnız hərbi hissə və hərbi hissəyə aid olan bəzi tikililər. Qalan bütün infrastruktur, bütün binalar, evlər, tarixi abidələr, dini abidələrimiz dağıdılıb.
Mən orada o dağıntılar arasında Azərbaycan xalqına müraciət edərək demişdim ki, biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ermənilər hesab edirdilər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bu torpaqlara qayıtmayacaq. Səhv etdilər. Onlar bilmirlər ki, Azərbaycan xalqının ürəyində – bizim xalqımızın qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq. Bizim bütün köçkünlərimiz bu illər ərzində bir arzu ilə yaşayıblar ki, öz doğma torpaqlarına qayıtsınlar, dövlətin dəstəyi və köməyi ilə orada özləri üçün yeni həyat qursunlar.
Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq.
Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olub. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə o bölgələrdə – işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi”.
İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin arxada qaldığını qeyd edib: “Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilib. Bu torpaqların abadlaşdırılması ilə bağlı tədbirlər görüləcək. İlk növbədə minalardan təmizləmə işləri aparılmalıdır. Bu da çox vaxt aparan bir məsələdir. Çünki mənfur düşmən böyük əraziləri minalaşdırıb. Ondan sonra infrastruktur layihələri ilə bağlı işlər aparılmalıdır. Artıq göstəriş verilib, mövcud infrastruktur təhlil edilir. Bizim indi peyk imkanlarımız və digər imkanlar var. Mən Füzuli və Cəbrayıl rayonlarına səfər edərkən artıq qısa müddət ərzində salınmış yeni yoldan istifadə etdim. O müvəqqəti yoldur, amma hər halda bu yoldan istifadə etmək olar. Yəni bütün bu işləri biz görəcəyik və bizim böyük qayıdış planımız hazırda tərtib edilir.
Müharibəyə gəldikdə, Azərbaycan əsgəri, zabiti qəhrəmanlıq göstərib. Lakin Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb, özü də bunu onlar özləri deyirlər, onların rəsmi şəxsləri deyirlər – 10 mindən çox fərari olub. İndi bu bir daha göstərir ki, hansı ordu yenilməz ordudur. Hansı ordu qəhrəman ordudur. Onların ordusu, əslində o quldur dəstəsi yalnız mülki, əliyalın insanlara qarşı müharibə apara bilərdi. Xocalı qatilləri, kəndlərimizi yandıran, insanlarımızı, mülki şəxsləri öldürən digər qatillər hərbçi sayıla bilməz”.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək istəyi ilə təcavüzə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunub, təcavüz şiddətlənərək müharibəyə çevrilib.
1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və ətraf bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, 4 qəsəbə, 286 kənd azad olunub.
Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putinin noyabrın 9-da imzaladıqları birgə bəyanatla noyabrın 10-dan hərbi əməliyyatlar dayandırılıb.
Ermənistan noyabrın 15-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonunu, dekabrın 1-dək Laçın rayonunu Azərbaycana qaytarmağa boyun olub.
Noyabrın 15-də Ermənistan Kəlbəcərin təhvil verilməsi üçün daha 10 gün vaxt istəyib, Azərbaycan buna razılaşıb.
9 noyabr razılaşmasına əsasən, Dağlıq Qarabağda təmas xətti və Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək Laçın dəhlizi boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib.