Nazirlər Kabineti ölkədə koronavirusun qarşısını almaq üçün əlavə tədbirlərə qərar verib.
Ölkədə tətbiq olunan xüsusi karantin rejiminin müddəti dekabrın 28-dək uzadılıb.
Şəki, Lənkəran şəhərlərindəki və Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarındakı sərt karantin rejimi dekabrın 7-dək qüvvədə olacaq.
Bakı Metropoliteni dekabrın 28-dək bağlı qalacaq.
Noyabrın 21-dən dekabrın 28-dək bütün ölkədə şənbə və bazar günləri ictimai nəqliyyat işləməyəcək, həmin günlərdə həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla qalan sahələr üzrə yerində xidmətlər dayandırılacaq.
Noyabrın 21-dən dekabrın 28-dək şənbə və bazar günlərində fəaliyyətinə icazə verilən sahələr bunlardır:
hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti;
fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti;
səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri;
kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı fəaliyyəti;
fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti;
apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti;
kütləvi informasiya vasitələrinin fəaliyyəti;
mühafizə xidmətləri.
Noyabrın 21-dən ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunur. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir.
Nazirlər Kabineti yanında operativ qərargah xatırladır ki, tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.
Operativ qərargah yaşı 65-dən yuxarı şəxslərə zərurət olmadıqda yaşayış yerini tərk etməməyi məsləhət görür.
Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara da işçilərin say həddini 30 faizədək azaltmaq, qalan əməkdaşları məsafədən iş rejiminə keçirmək tövsiyə olunur.
2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyası 195 ölkə, ərazi və məkanda 1 milyon 354,8 mindən çox adamın ölümünə səbəb olub.
Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb. İndiyədək 1053 xəstə vəfat edib.
Xüsusi karantin rejimi martın 31-dən tətbiq olunur. Sərhədlər qapadılıb, ölkənin şəhər və rayonlarından sərnişin daşımaları; bir çox bölgəyə giriş-çıxış; “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qəbulu; dəfn mərasimləri istisna olmaqla yas mərasimləri; bütün kütləvi tədbirlər, o cümlədən mədəniyyət, idman tədbirləri (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışları istisna olmaqla); tədbirlərin təşkili üzrə xidmətlər, o cümlədən ad günləri, toy, nişan və bu kimi mərasimlər; ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi; istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti; muzey və sərgi zalları istisna olmaqla digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti; iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların və ictimai iaşə məkanlarının fəaliyyəti; ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə; tibb müəssisələrində müalicə alan şəxslərin ziyarəti; idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla); masaj və hamam xidmətləri yasaqlanıb.