Ermənistan prezidenti Armen Sərkisyan Ara Ayvazyanı xarici işlər naziri təyin edib. Təyinat noyabrın 18-i axşam baş nazir Nikol Paşinyanın təqdimatı əsasında rəsmiləşib.
Novator.az bildirir ki, Ara Ayvazyan 1969-cu ildə paytaxt Yerevanda doğulub. Yerevan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini və Livanın paytaxtı Beyrutdakı Aykazyan Universitetinin politologiya fakültəsini bitirib.
1994-cü ildən Xarici İşlər Nazirliyi sistemində müxtəlif vəzifələr tutan Ara Ayvazyan ölkəsinin Argentina, Çili və Uruqvayda; Danimarka, Norveç, İsveç və Finlandiyada; Litva, Latviya və Estoniyada; Meksika, Kuba, Kosta Rika, Honduras və Qvatemalada səfiri olub.
2020-ci il oktyabrın 16-dan xarici işlər nazirinin müavini idi.
Əvvəlki nazir Zöhrab Mnasakanyan noyabrın 16-da istefa verib.
1966-cı il təvəllüdlü Zöhrab Mnasakanyan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur. Xarici İşlər Nazirliyi sistemində müxtəlif məsul vəzifələrdə çalışıb, o cümlədən nazir müavini postunu tutub, Ermənistanın İsveçrədəki səfiri, Avropa Şurasında və BMT-də daimi nümayəndəsi olub, xarici işlər naziri vəzifəsinə 12 may 2018-ci ildə gətirilib.
Mənbə: Ria.ru