Azərbaycan Ordusuna dəstək aksiyasından sonra cinayət məsuliyyətinə alınmış şəxslərin bir qismi ev dustaqlığına buraxılıb.
Qərar noyabrın 16-sı Səbail Rayon Məhkəməsində prokurorluğun vəsatəti əsasında çıxarılıb.
Prokurorluq öz vəsatətini təqsirləndirilən şəxslərdən bir çoxunun himayəsində azyaşlı uşaqların olması və başqa hallarla əsaslandırıb.
Vəsatəti Səbail Rayon Məhkəməsinin hakimi Ağamalı Qafarov təmin edib.
Təqsirləndirilən şəxslər məhkəməyə gətirilməyiblər, onlar prosesə onlayn qaydada qoşulublar.
Ev dustaqlığına buraxılanlardan 12-si AXCP üzvü (Asif Yusifli, Seymur Əhmədov, Bəxtiyar İmanov, İsmayıl Həsənov, Ayaz Məhərrəmov, Baba Süleymanov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Telman Seyfullayev, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Müşviq Quliyev), 2-si Müsəlman Birliyi Hərəkatının təmsilçisi (Tural Vəliyev, Kamil Mahmudov), 7-si bitərəfdir (Emin Hüseynzadə, Şəmsi Rəhimli, Vüsal Quliyev, Elçin Mehdiyev, Fariz Məmmədov, Ariz İbadətoğlu, Ceyhun Məmmədov).
Novator.az xatırladır ki, iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedib, Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, daha 11 hərbi qulluqçu və 1 mülki şəxs şəhid olub.
İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb. Rəsmi məlumata görə, bir neçə polis əməkdaşı bədən xəsarətləri alıb, xidməti avtomobillərə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.
Milli Məclisin birinci mərtəbəsində bir sıra dağıntılar törədildiyi, mülkiyyətə və inventara ziyan dəydiyi də bəyan olunub.
Baş Prokurorluğun İstintaq İdarəsi bu işin istintaqını qəsdən sağlamlığa az ağır zərər vurma; əmlakı qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmək ittihamları üzrə aparıb.
İstintaqı tamamlanan 37 təqsirləndirilən şəxsin 36-sı həbsdə saxlanıb.
Tutulanların 15-i AXCP üzvü olub: Asif Yusifli, Seymur Əhmədov, Bəxtiyar İmanov, Ramid Nağıyev, İsmayıl Həsənov, Ayaz Məhərrəmov, Baba Süleymanov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Telman Seyfullayev, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Elnur Cabbarov, Müşviq Quliyev, Gündüz Mirzəyev.
Cəbhəçi Elvin Məmmədov polisin nəzarətindədir.
Həbs edilənlərin 2-si Müsəlman Birliyi Hərəkatının təmsilçisi olub: Tural Vəliyev, Kamil Mahmudov.
Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvü Pərvin Çobanov da həbs edilib.
Qalan 18 məhbus bitərəf şəxslər olub: Səbuhi Mustafayev, Müşviq Vahabov, İlkin Əliyev, Elçin Məmmədov, Emin Hüseynzadə, Ramiz Babayev, Azər Məmmədov, Şəmsi Rəhimli, Siyavuş Mustafayev, Dəyanət Mövlayev, Vüsal Quliyev, Elçin Mehdiyev, İsmayıl Məmmədov, Fariz Məmmədov, Ariz İbadətoğlu, Taleh Məmişov, Ceyhun Məmmədov, Fərid Abadov.
AXCP fəalı Ruslan Əmirov sonradan cinayət məsuliyyətinə alınıb. O, oktyabrın 10-da polis nəzarətinə verilib.
Sentyabrın 27-dən 44 gün müddətində Azərbaycan Ordusu işğal olunmuş ərazilərdə əməliyyatlar aparıb. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun ümumilikdə 4 qəsəbəsi, 286 kəndi, həmçinin Şuşa şəhəri azad edilib.
Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putinin noyabrın 9-da imzaladıqları birgə bəyanatla noyabrın 10-dan hərbi əməliyyatlar dayandırılıb.
Ermənistan noyabrın 15-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonunu, dekabrın 1-dək Laçın rayonunu Azərbaycana qaytarmağa boyun olub.
Noyabrın 15-də Ermənistan Kəlbəcərin təhvil verilməsi üçün daha 10 gün vaxt istəyib, Azərbaycan buna razılaşıb.