ABŞ-ın keçmiş prezidenti Barak Obama ölkədəki son prezident seçkisində əsas namizədlərin – Cozef Baydenlə Donald Trampın hər birinin 70 milyondan çox seçici səsi toplamasını “Amerika xalqının ikiyə bölünməsi” kimi qiymətləndirib və bundan narahatlığını ifadə edib.
Noyabrın 3-də keçirilmiş ümumxalq səsverməsində Cozef Baydeni 78,6 milyon, Donald Trampı 73,1 milyon seçici dəstəkləyib.
Novator.az-ın məlumatına görə, Barak Obama “CBS News” kanalına müsahibəsində deyib ki, namizədlərin təxminən bərabər sayda seçici səsi toplaması onu təəssüfləndirib: “Çünki bu, bizim bir xalq kimi ikiyə bölündüyümüzü, dərindən parçalandığımızı göstərir”.
ABŞ-da prezidenti 538 nəfərlik Seçicilər Kollegiyası seçir. Demokratlar Partiyası Seçicilər Kollegiyasına daha çox nümayəndə qazandığına görə bu partiyanın namizədi Cozef Bayden qalib elan olunub.
Seçkinin hələ rəsmən tam yekunlaşmamış nəticəsinə əsasən, Demokratlar Partiyasından Seçicilər Kollegiyasına 306 nümayəndə, Respublikaçılar Partiyasından (bu partiyanın namizədi hazırkı prezident Donald Trampdır) 232 nümayəndə seçilib.
Prezident seçilmək üçün 270 səs kifayət edir.
Seçicilər Kollegiyası prezident seçkisi ilə bağlı yekun qərarını dekabrın 14-də verəcək, sonra həmin səsvermənin nəticəsi Konqresin iclasında təsdiqlənəcək.
Demokratlar Partiyasının təmsilçisi olan Barak Obama 2008 və 2012-ci illərdə ABŞ-ın prezidenti seçilib.
Cozef Bayden Barak Obamanın prezidentliyi dövründə – 2009-2017-ci illərdə vitse-prezident postunu tutub.
Donald Tramp 2016-cı ildə keçirilmiş prezident seçkisində Respublikaçılar Partiyasının namizədi kimi Demokratlar Partiyasından Hillari Klintonu məğlub edib.
Barak Obama “CBS News” kanalına müsahibəsində deyib ki, 4 ildir ABŞ-ın prezidenti olan Donald Tramp 2020-ci il seçkisini Cozef Baydenə uduzub və bu məğlubiyyətlə barışmalıdır. Obama Trampın hələ Baydenin qələbəsini etiraf etməməsini qınayıb: “Prezidentlər öz postlarında müvəqqəti oturduqlarını unutmamalıdırlar. Sənin vaxtın bitəndə birinci işin ölkədən əl çəkməkdir, yalnız bundan sonra öz eqon, maraqların və məyusluqların haqqında fikirləşməlisən”.
Obama Trampın ona tez-tez hücum çəkməsindən də danışıb və deyib ki, bu hücumları ciddi qəbul etmir.
Aparıcının “Baydenə nə məsləhət verirsiz” sualını Obama belə cavablandırıb: “Onun vaxtilə prezident olmuş bir adamın məsləhətinə ehtiyacı yoxdur. Amma söz verirəm ki, bacardığım qədər ona kömək edəcəm”.
Mənbə: Cbsnews.com