ABŞ-da noyabrın 3-də keçirilmiş ümumxalq səsverməsinin nəticələri yenilənib. Novator.az-ın məlumatına görə, prezident seçkisində Demokratlar Partiyasından Cozef Bayden qalib gəlir. O, 538 nəfərlik Seçicilər Kollegiyasına 306 nümayəndə qazanıb.
Prezident seçilmək üçün 270 səs kifayət edir.
Respublikaçılar Partiyasının namizədi olan prezident Donald Tramp Seçicilər Kollegiyasına 232 nümayəndə keçirib.
İndiki nəticələrə əsasən, demokrat Kamala Harris vitse-prezident olur.
Seçicilər Kollegiyası prezident seçkisi ilə bağlı yekun qərarını dekabrın 14-də verəcək, sonra həmin səsvermənin nəticəsi Konqresin iclasında təsdiqlənəcək.
Prezident və vitse-prezidentlə yanaşı Konqresin yuxarı palatasının – Senatın 35 üzvü, alt qanadı – Nümayəndələr Palatası, bəzi ştat və ərazilərdə qubernatorlar, həmçinin yerli özünüidarəetmə orqanları seçilib.
3 noyabr seçkilərinin ilkin nəticələrinə görə, 100 yerlik Senatda indi Respublikaçılar Partiyasının 50, Demokratlar Partiyasının 48 nümayəndəsi var.
435 nəfərlik Nümayəndələr Palatasında demokratlar 219, respublikaçılar 203 konqresmenlə təmsil olunur.
27 ştatda respublikaçılar, 23 ştatda demokratlar qubernatorluq edir.
ABŞ 50 ştat və 1 federal dairədən ibarətdir.
Mənbə: Reuters.com