Baş Prokurorluğun 16 noyabr hesabatına görə, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 94 mülki şəxs həlak olub, 414 nəfər xəsarət alıb, 3410 yaşayış evi, 120 çoxmənzilli bina, 512 mülki obyekt dağılıb.
Prezident İlham Əliyevin 6 noyabr sərəncamı ilə mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə dövlət komissiyası yaradılıb.
Baş nazir Əli Əsədovun sədrlik etdiyi komissiyaya Şahin Mustafayev (baş nazirin müavini), Anar Ələkbərov (prezidentin köməkçisi), Zeynal Nağdəliyev (prezidentin köməkçisi, administrasiyanın ərazi-təşkilat məsələləri şöbəsinin müdiri), Şahmar Mövsümov (prezidentin köməkçisi, administrasiyanın iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri), Gündüz Kərimov (Prezident Administrasiyasının qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, birinci vitse-prezidentin köməkçisi), Xalid Əhədov (birinci vitse-prezidentin köməkçisi), Kəmaləddin Heydərov (fövqəladə hallar naziri), Mikayıl Cabbarov (iqtisadiyyat naziri), Samir Şərifov (maliyyə naziri), Ceyhun Bayramov (xarici işlər naziri), Anar Quliyev (Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri), Kamran Əliyev (baş prokuror) daxildir.
Dəymiş ziyanın qiymətləndirilməsi iki ay müddətində təmin edilməlidir.
1988-ci ildə Ermənistan Dağlıq Qarabağ Muxtar Vilayətini ələ keçirmək istəyi ilə Azərbaycana qarşı təcavüzə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunub, təcavüz şiddətlənərək müharibəyə çevrilib, Azərbaycan bölgənin muxtariyyətini ləğv edib.
1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və ətraf bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) tutub.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun ümumilikdə 4 qəsəbəsi, 286 kəndi, həmçinin Şuşa şəhəri azad edilib.
Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putinin noyabrın 9-da imzaladıqları birgə bəyanatla noyabrın 10-dan hərbi əməliyyatlar dayandırılıb.
Ermənistan noyabrın 15-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonunu, dekabrın 1-dək Laçın rayonunu Azərbaycana qaytarmağa boyun olub.
Noyabrın 15-də Ermənistan Kəlbəcərin təhvil verilməsi üçün daha 10 gün vaxt istəyib, Azərbaycan buna razılaşıb.