ABŞ-ın ən populyar qəzetlərindən olan “Vaşinqton Post” sentyabrın 27-dən noyabrın 10-dək davam edən Ermənistan-Azərbaycan müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) oynadığı roldan bəhs edib.
Novator.az-ın məlumatına görə, qəzetdə “Azərbaycanın dronları Dağlıq Qarabağda döyüş meydanını ələ aldı və gələcəyin müharibəsini göstərdi” adlı məqalə dərc olunub.
Məqalədə xatırladılır ki, Azərbaycanın Müdafiə Nazirliyi 44 günlük müharibə zamanı erməni səngərlərinə və hərbi texnikalarına endirilən dron zərbələri ilə bağlı xeyli video yayıb. Qəzet həmin videolardakı görüntüləri öz oxucularına yazılı formada belə çatdırır: əvvəlcə səngərdə əsgərlər gözə dəyir, partlayış baş verir, tüstü qalxır, səngərdə heç nə qalmır…
Qəzet bildirir ki, PUA-lar son müharibədə Azərbaycana böyük üstünlük qazandırdı, Azərbaycan Ordusu dron zərbələri ilə ermənilərin xeyli hərbçisini, tankını, artilleriya və hava hücumundan müdafiə sistemlərini məhv etdi, faktiki olaraq döyüş meydanı PUA meydanına çevrildi.
Məqalədə vurğulanır ki, müasir dron komplektləri ölkənin hərbi gücünü artırır, Qarabağdakı son müharibə isə quru qoşunlarının PUA-lar qarşısında aciz olduğuna dəlalət edir: “Azərbaycan İsraildən, Türkiyədən aldığı PUA-lardan istifadə etməklə Ermənistanın Dağlıq Qarabağdakı hərbi sistemini izlədi, məhv etdi, müdafiə sistemini yararaq irəlilədi. Ermənistan gördü ki, Dağlıq Qarabağda quraşdırılan, əksər hissəsi köhnə, sovet istehsalı olan hava hücumundan müdafiə sistemləri ilə dron hücumlarına tab gətirmək, böyük itkilərdən qorunmaq mümkün deyil”.
“Vaşinqton Post” Qərbin hərbi analitiklərinin Azərbaycan Ordusunun uğurlarını təhlil edərkən dron zərbələrinə aid videosüjetlərə geniş nəzər yetirdiyini yazır və bəzi ekspertlərin fikirlərini təqdim edir.
Hərbi Dəniz Qüvvələrinin Virciniya ştatının Arlinqton şəhərindəki analitik mərkəzinin Rusiyaşünaslıq şöbəsinin rəhbəri Maykl Kofman “Vaşinqton Post”a açıqlamasında belə deyir: “Düşmənin tank və hava hücumundan müdafiə sistemi kimi bahalı döyüş texnikasını məhv etməyə imkan verən pilotsuz uçuş aparatları kiçik ölkələrin taktiki aviasiya avadanlıqlarından və yüksək dəqiqliklə idarə olunan silahlardan aşağı qiymətə faydalanmasına şərait yaradır. Hərbi hava qüvvələri çox xərc tələb edir. PUA-lar daha kiçik və maddi baxımdan daha imkansız ölkələrə hava qüvvələrindən yararlanmaq fürsəti verir”.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunda gələcək münaqişələr üzrə elmi işçi Frans-Stefan Qadinin “Vaşinqton Post”a bildirdiyinə görə, tank və zirehli texnika kimi ənənəvi hərbi avadanlıqlar öz hökmünü itirməyəcək: “Ancaq Dağlıq Qarabağ münaqişəsi göstərdi ki, yaxşı hazırlıqlı quru qoşunları və digər silah növləri ilə yanaşı PUA-lardan da istifadə olunmalıdır. Dağlıq Qarabağ münaqişəsi PUA-ların əhəmiyyətinin getdikcə artdığını, gələcəkdə baş verə biləcək müharibələrdə bu cür aparatlardan istifadə edilməməsinin hədsiz dağıdıcı nəticələri ola biləcəyini nümayiş etdirdi”.
“Vaşinqton Post” Avstraliya Strateji Siyasət İnstitutunun baş analitiki Malkolm Deyvisin “Real Clear Defense” portalında yazdığı fikirləri də misal gətirir. Malkolm Deyvis yazıb ki, texnologiyalar təkmilləşdikcə və PUA-ların satış qiymətləri aşağı düşdükcə zərbə dronları kimi sistemlərdən istifadə daha da geniş yayılacaq. Deyvisin sözlərinə görə, bu, quru qoşun döyüşlərinin qaydalarını tamamilə dəyişə bilər.
“Vaşinqton Post” qeyd edir ki, 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda törədilən terrordan sonra ABŞ hərbi qüvvələri Əfqanıstanda hərbi əməliyyatlar zamanı PUA-lardan istifadə edib. O vaxtdan bəri hərbi əməliyyatlarda silahlı PUA-ların əhəmiyyəti daha da artıb. Qəzet bildirir ki, hazırda raket atan PUA-lar bir çox ölkədə, o cümlədən Türkiyə, Çin və İsraildə istehsal olunur və müxtəlif ərazilərdə gedən döyüşlərdə bu sayaq aparatlardan istifadə edilir.
Mənbə: Washingtonpost.com