Novator.az bəzi makroiqtisadi göstəricilərə nəzər salıb.
Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 58 milyard 469,5 milyon manatlıq, əvvəlki ilin on ayı ilə müqayisədə 3,8 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunub: “İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,3 faiz, neft-qaz sektorunda isə 6,3 faiz azalıb”.
Əhalinin hər nəfərinə düşən ÜDM 5861,6 manat göstərilir.
Başqa bir hesabata əsasən, yanvar-oktyabr aylarında pərakəndə ticarət dövriyyəsi 2019-cu ilin eyni dövrünə nəzərən real ifadədə 1,5 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,1 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 3 faiz artıb.
Həmçinin qeyd olunur ki, yanvar-sentyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 178 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 107 ölkəyə məhsul ixrac olunub, 167 ölkədən məhsul alınıb.
2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin faktiki qiymətlərlə 28,2 faiz, real ifadədə 22 faiz, o cümlədən idxalın 38,7 faiz, ixracın 10 faiz azaldığı vurğulanır.